Nazir: Azad edilmiş ərazilərdəki aqrar layihələr ölkəmizin kənd təsərrüfatı strategiyasında xüsusi yer tutur

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən aqrar layihələr ölkəmizin kənd təsərrüfatı strategiyasında xüsusi yer tutur.

AZƏRTAC xəbər verir ki, bunu Bakı Ekspo Mərkəzində keçirilən “Caspian Agro Week”in açılış mərasimində çıxışı zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

“Müasir dövrdə kənd təsərrüfatı yalnız iqtisadi fəaliyyət sahəsi deyil, eyni zamanda, ərzaq təhlükəsizliyinin təmin olunması, regionların sosial-iqtisadi inkişafı, məşğulluğun artırılması və ekoloji dayanıqlılığın qorunması baxımından mühüm strateji istiqamətdir. Qlobal iqlim dəyişiklikləri, təbii resurslardan səmərəli istifadə zərurəti və artan ərzaq tələbatı aqrar siyasətdə yeni yanaşmaların tətbiqini vacib edir. Respublikamızda aqrar sektorun inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar kənd təsərrüfatının modernləşdirilməsinə, fermerlərin rifahının yüksəldilməsinə və aqrar istehsalın rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Bu istiqamətdə dövlət tərəfindən fermerlərə və sahibkarlara geniş dəstək mexanizmləri tətbiq olunur. Subsidiyaların verilməsi, güzəştli kreditlərin təqdim edilməsi, kənd təsərrüfatı texnikasına əlçatanlığının artırılması, aqrar sığorta sisteminin genişləndirilməsi və innovativ texnologiyaların tətbiqinin təşviqi aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə verir”, - deyə nazir qeyd edib.

Məcnun Məmmədov vurğulayıb ki, aqrar sahədə rəqəmsallaşmanın genişləndirilməsi, “ağıllı kənd təsərrüfatı” həllərinin tətbiqi, su resurslarından səmərəli istifadə, torpaq münbitliyinin qorunması və ekoloji cəhətdən dayanıqlı istehsal modellərinin təşviqi dövlət siyasətinin mühüm istiqamətlərindəndir: “Məqsəd müasir çağırışlara cavab verən, yüksək məhsuldarlığa əsaslanan və ixrac potensialını artıran güclü aqrar sistem formalaşdırılmasıdır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən aqrar layihələr də ölkəmizin kənd təsərrüfatı strategiyasında xüsusi yer tutur. Həmin ərazilərdə müasir infrastrukturun qurulması, innovativ təsərrüfat modellərinin yaradılması və “ağıllı kənd” yanaşmalarının tətbiqi regionun böyük aqrar potensialının reallaşdırılmasına xidmət edir”.