"Fitch" Brent markalı neftin sentyabr ayına kimi 70 ABŞ dollarına qədər ucuzlaşacağını proqnozlaşdırır

Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" Hörmüz boğazı ətrafındakı vəziyyətlə bağlı tədarüklərdə davam edən fasilələrə baxmayaraq, Brent markalı neftin qiymətinin sentyabr ayına qədər təxminən bir barel üçün 70 dollara enəcəyini proqnozlaşdırır.

Trend xəbər verir ki, agentliyin qiymətləndirməsinə görə, may-iyul aylarında strateji əhəmiyyətli su marşrutunun faktiki bağlanması fonunda Brent neftinin qiyməti bir barel üçün 100-110 dollar diapazonunda qalacaq, lakin bundan sonra enməyə başlayacaq.

"Fitch"də qeyd edirlər ki, neft sentyabr ayına qədər bir barel üçün 70 dollara düşəcək- bu səviyyə tələb və təklif balansı ilə müəyyən olunur, hərçənd müəyyən risk əlavəsi qalacaq.

Agentlik hesab edir ki, OPEC ölkələrinin hasilatı artırması, karteldən kənar dövlətlərin tədarükləri genişləndirməsi, strateji ehtiyatların istifadəyə verilməsi və tələbin zəifləməsi hesabına neft bazarı tədricən tarazlaşacaq.

“Hörmüz boğazının bağlanması səbəbindən itirilmiş həcmləri kompensasiya etmək üçün OPEC böyük ehtimalla maksimal güclə neft hasil edəcək”,-deyə "Fitch"in məlumatında deyilir. Bununla yanaşı, münaqişədən əvvəl OPEC-in sərbəst hasilat gücü gündəlik 3,6 milyon barel səviyyəsində qiymətləndirilirdi.

Agentlik həmçinin OPEC üzvü olmayan ölkələr tərəfindən neft hasilatının gündəlik təxminən 3 milyon barel artacağını gözləyir. Buraya ABŞ və Latın Amerikası ölkələrindən tədarükün əvvəlcədən proqnozlaşdırılan artımı, eləcə də Qazaxıstan və Venesuelada hasilatdakı əlavə artım daxildir.

"Fitch" vurğulayıb ki, mart-aprel aylarında bazar artıq müəyyən qədər vəziyyətə adaptasiya oluna bilib. Buna Beynəlxalq Enerji Agentliyinin ehtiyatlarından 400 milyon barel neftin istifadəyə verilməsi, gündəlik tələbin 1,6 milyon barel azalması, OPEC-dən kənar hasilatın artması, həmçinin Səudiyyə Ərəbistanı və BƏƏ-nin Hörmüz boğazını yan keçən alternativ boru kəmərlərindən istifadə etməsi təsir göstərib.

Agentliyin baza ssenarisinə əsasən, əgər fasilələr təxminən beş ay davam etsə və əlavə neft ehtiyatları istifadəyə verilməsə, balansın bərpa olunması üçün qlobal tələbin gündəlik təxminən 5 milyon barel azalması tələb olunacaq.