Hörmüz boğazındakı mövcud vəziyyət iyunun ortalarına qədər davam edərsə, qlobal neft bazarının bərpası 2027-ci ilə qədər uzana bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Saudi Aramco”nun baş icraçı direktoru (CEO) Amin Nasser şirkətin birinci rüb maliyyə nəticələrinə həsr olunmuş konfransda bildirib.
Onun sözlərinə görə, təchizatdakı fasilələr daha bir neçə həftə davam edərsə, neft bazarının yenidən sabitləşməsi üçün daha uzun müddət tələb olunacaq.
“İranla müharibənin təsiri və Hörmüz boğazının faktiki bağlanması artıq enerji bazarı tarixində ən böyük təchizat pozuntusu kimi qiymətləndirilir. Hazırda qlobal bazar bir həftədə təxminən 100 milyon barel neft itirir. Normal şəraitdə gün ərzində təxminən 70 gəmi boğazdan keçirdisə, hazırda bu rəqəm cəmi 2–5 tanker təşkil edir. Boğaz bu gün yenidən açılsa belə, bazarın tarazlaşması üçün aylar lazım olacaq. Təchizatdakı problemlər tanker daşımalarını ciddi şəkildə məhdudlaşdırıb və enerji qiymətlərinin kəskin artmasına səbəb olub. Bu isə inflyasiya risklərini və iqtisadi tənəzzül narahatlıqlarını artırır”,- deyə o qeyd edib.
Amin Nasser əlavə edib ki, qərb istiqamətində yerləşən ayrıca terminallar vasitəsilə gündə təxminən 900 min barel neft məhsulu ixrac edilir və şirkət yüksək mənfəət marjasından yararlanmaq üçün bu ixracı maksimum səviyyədə saxlayır. Onun fikrincə, Hörmüz boğazının bağlı qalması halında bu vəziyyət davam edə bilər.
O qeyd edib ki, “Ras Tanura” neft emalı zavodunda da bərpa işləri yekunlaşıb: “Hazırda bəzi qurğular planlı texniki xidmət mərhələsindədir və bu işlər başa çatdıqdan sonra müəssisə tam gücü ilə fəaliyyət göstərəcək. Nəqliyyat və ticarət axınları normallaşdıqdan sonra qlobal neft tələbatında çox güclü artım müşahidə olunacaq. Zərurət yaranarsa, şirkət üç həftədən az müddətdə gündəlik 12 milyon barel həcmində maksimum dayanıqlı xam neft hasilatı səviyyəsinə çata bilər”.