Azərbaycan böyük tarixə və çox vacib strateji mövqeyə malik bir ölkədir. Mən Azərbaycanda olmasam da, təhsil almaq və təcrübə mübadiləsi aparmaq üçün ora getməyə çox həvəsliyəm, həmçinin azərbaycanlı həmkarlarımla da mübadilələr aparmışam. Azərbaycan haqqındakı anlayışıma əsasən, düşünürəm ki, Azərbaycanın şəhərsalma sahəsindəki nailiyyətlərinin və əsas məqamlarının qəbul edilməsi və öyrənilməsi bir neçə aspektdən vacibdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Çinin Cənub-Şərq Universitetinin arxitektura və şəhərsalma fakültəsinin professoru, Çin Şəhərsalma Cəmiyyətinin sənaye parklarının planlanması qərargahının rəhbəri Van Sinpin bildirib.
O, Azərbaycanda yeni sənaye texnologiyalarının dəstəyi ilə şəhər-kənd inkişafının strukturunun və səviyyəsinin balanslaşdırıldığını, bu amilin həm şəhər, həm də kənd yerlərinin müvafiq inkişafa nail olmasına imkan verdiyini deyib. “Yaxşı şəhər-kənd əlaqələri qurularsa və daha müsbət şəhər-kənd strukturu formalaşarsa, bu çox perspektivli inkişaf göstərəcək və oxşar ölkələr üçün model ola bilər. Başqa sözlə, dünyamız yalnız yüksək dərəcədə şəhərləşmiş və qütbləşmiş bölgələrdən ibarət deyil; eyni zamanda, nisbətən balanslaşdırılmış şəhər-kənd inkişafı üçün bir plan araşdırmaq mümkündür və hazırda Azərbaycan bu xüsusiyyəti təqdim edir”, - deyə Çinli ekspert bildirib.
Azərbaycanın zəngin mədəni irsinin qorunmasına xüsusi diqqqət ayırdığını bildirən professor əlavə edib ki, Azərbaycanın böyük tarixi və unikal yerləşməsi müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı əlaqədə olmasına və inteqrasiyasına imkan verib, çox zəngin və fərqli mədəni sərvətlər yaradıb. Azərbaycan dövləti buna böyük əhəmiyyət verir və mədəni irsin qorunması digər ölkələr üçün istinad və model kimi xidmət edə bilər.
Çinli ekspert Azərbaycanda yaşıl və aşağı karbonlu inkişaf, eləcə də süni intellekt (AI) kimi yeni texnologiyaların və konsepsiyaların yaşayış məntəqlərinin inkişafı və idarəçiliyində tətbiqinə xeyli diqqət yetirildiyini vurğulayıb.
“Azərbaycan qlobal geosiyasi mənzərədə çox unikal və mühüm strateji mövqe tutur, müxtəlif regional ərazilər də daxil olmaqla Şərq və Qərb sivilizasiyaları arasında mühüm bir əlaqə rolunu oynayır. Biz bilirik ki, İpək Yolunun müxtəlif marşrutları var və onlardan biri Azərbaycandan keçir – Trans-Xəzər dəhlizi adlandırdığımız yol”, -deyən çinli ekspert əlavə edib ki, əgər bu dəhliz rəvan fəaliyyət göstərə bilsə, mövcud geosiyasi münaqişələrin həllində, ölkələr və sivilizasiyalar arasında əlaqələrin gücləndirilməsində mühüm rol oynayacaq. Üstəlik, bu, Azərbaycanda şəhərsalma və urbanizasiyasını daha yüksək səviyyəyə qaldıracaq.
“Mən inanıram ki, bu aspektlər Azərbaycanın digər ölkələr tərəfindən öyrənilə biləcək nailiyyətləri və xüsusiyyətləridir. Onlar Azərbaycanda şəhərsalmanın keyfiyyətinin daha da yaxşılaşdırılması üçün mühüm təkan verir”,- deyə professor Van Sinpin bildirib.