İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Serbiyanın mədəniyyət naziri, Azərbaycan–Serbiya Hökumətlərarası Komissiyasının həmsədri Nikola Selakoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, görüşdə qurumun icraçı direktoru Yusif Abdullayev agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib, əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Serbiya naziri Nikola Selakoviç ölkəsinin investisiya potensialı, xüsusilə sağlamlıq turizmi sektorunda imkanlar barədə danışıb, bu sahədə tərəfdaşlıq perspektivləri qeyd olunub.
Görüş zamanı Azərbaycan məhsullarının Serbiya bazarına ixrac perspektivlərinə dair fikir mübadiləsi aparılıb, kənd təsərrüfatı məhsullarının ixrac potensialının araşdırılması üçün Azərbaycan ixracatçıları ilə görüşün keçirilməsi qərara alınıb.
Tərəflər əməkdaşlığın genişləndirilməsi məqsədilə bir-birilərini ölkələrində keçiriləcək nüfuzlu beynəlxalq tədbirlərdə iştiraka dəvət ediblər. Bu çərçivədə Serbiyada təşkil olunacaq ixtisaslaşmış “Expo 2027” ümumdünya sərgisi və bu il Azərbaycanda keçirilməsi planlaşdırılan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu xüsusi vurğulanıb.