İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Bakıya səfəri Azərbaycanı təkcə enerji təchizatçısı deyil, qarşıdakı onillik üçün çoxşaxəli strateji tərəfdaş səviyyəsinə yüksəldən diplomatik mərhələnin zirvəsi kimi qiymətləndirilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında italiyalı ekspert, “La Ragione” və “Il Riformista” nəşrlərinin əməkdaşı, jurnalist Domeniko Letisiya səsləndirib.
Ekspertin sözlərinə görə, Roma ilə Bakı arasında əməkdaşlığın əsasını İtaliyanın Aralıq dənizi regionunda “təbii hab” kimi mövqeyini gücləndirmək strategiyası təşkil edir. Bu baxımdan TAP qaz kəmərinin genişləndirilməsi və ötürmə qabiliyyətinin iki dəfə artırılması Avropanın Şərqi Avropadakı geosiyasi risklərdən asılı olmadan enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq.
Domeniko Letisiya vurğulayıb ki, Azərbaycan-İtaliya münasibətləri artıq yalnız enerji əməkdaşlığı ilə məhdudlaşmır. Onun sözlərinə görə, 2026–2036-cı illəri əhatə edən yol xəritəsi texnoloji innovasiya, yaşıl keçid, kritik infrastrukturun qorunması və kibertəhlükəsizlik sahələrində dərin inteqrasiyanı nəzərdə tutur. İtaliya şirkətləri logistika dəhlizlərinin mühafizəsi və kibertəhlükəsizlik həllərinin təqdimində aparıcı rol oynayır.
Ekspert təhsil və “yumşaq güc” istiqamətində əməkdaşlığı xüsusi qeyd edib. Ekspert bildirib ki, Bakıda fəaliyyət göstərən İtaliya-Azərbaycan Universiteti layihəsi memarlıq, dizayn və mühəndislik sahələrində yeni azərbaycanlı mütəxəssislərin hazırlanmasına xidmət edir və bununla da İtaliyanın Cənubi Qafqazdakı mədəni təsirini gücləndirir.
D.Letisiya iqtisadi əməkdaşlığın da yeni mərhələyə keçdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, İtaliya şirkətləri Azərbaycanın ərazi bərpası layihələrində və müasir aqrar-sənaye sistemlərinin qurulmasında fəal iştirak edir. “Made in Italy” brendi ölkənin modernləşmə prosesinin əsas elementlərindən birinə çevrilib.
Ekspert hesab edir ki, tərəflər arasında əməkdaşlıq qarşılıqlı tamamlayıcılıq prinsipi üzərində qurulub: İtaliya texnologiya, bilik və Avropa İttifaqı daxilində siyasi dəstək təqdim edir, Azərbaycan isə enerji sabitliyi və Mərkəzi Asiya bazarlarına çıxış imkanları yaradır.
Domeniko Letisiya bildirib ki, yaxın onillikdə tərəfdaşlığın əsas istiqamətlərindən biri yaşıl hidrogen və bərpaolunan enerji olacaq. Azərbaycanın Avropa bazarına, xüsusilə İtaliya üzərindən enerji ixracını artırmaq niyyətində olduğunu qeyd edən ekspert bu əməkdaşlığın strateji xarakter daşıdığını vurğulayıb.
Ekspertin fikrincə, Ciorcia Meloninin Bakıya səfəri tərəflər arasında münasibətlərin sırf iqtisadi əməkdaşlıq mərhələsindən çıxaraq uzunmüddətli strateji ittifaq səviyyəsinə yüksəldiyini nümayiş etdirir.