Qazaxıstan, Azərbaycan və Özbəkistan yaşıl enerji dəhlizi üzrə əməkdaşlığı genişləndirir

Qazaxıstan, Azərbaycan və Özbəkistanın enerji qurumlarının nümayəndələri Daşkənddə üç ölkə arasında yaşıl enerjinin istehsalı və ötürülməsinin inkişafına yönələn “Green Corridor Alliance” layihəsinin reallaşdırılmasının cari vəziyyətini müzakirə ediblər.

AZƏRTAC Qazaxıstan Energetika Nazirliyinə istinadla xəbər verir ki, üçtərəfli görüş “UEW 2026” Beynəlxalq Enerji Forumu çərçivəsində keçirilib. Forumda Qazaxıstanı energetika nazirinin müavini Bakıtjan İlyas təmsil edib.

Onun sözlərinə görə, üç ölkənin dövlət başçıları tərəfindən Bakıda keçirilən COP29 konfransının kənarında imzalanan saziş davamlı enerji dəhlizinin formalaşdırılması və ekoloji təmiz elektrik enerjisi ticarətinin genişləndirilməsi üçün əsas yaradır. Layihə bərpaolunan enerji mənbələrinin potensialının səmərəli istifadəsini, sistemlərarası enerji əlaqələrinin inkişafını, eləcə də yaşıl elektrik enerjisinin Avropaya və digər regionlara ixracı üçün şəraitin yaradılmasını nəzərdə tutur.

Mövcud enerji infrastrukturunun genişləndirilməsi və Mərkəzi Asiya ilə Cənubi Qafqazın enerji sistemlərinin inteqrasiyası üçün zəruri olan yeni elektrik ötürücü xətlərin inkişafı məsələlərinə xüsusi diqqət yetirilib.

Görüş iştirakçıları layihənin irəliyə aparılmasında və transregional yaşıl enerji dəhlizinin inkişafına dair birgə fəaliyyətlərin koordinasiyasının davam etdirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.