Türkiyə və Ermənistan arasında birbaşa ticarət üçün hazırlıqlar tamamlanıb

Türkiyə və Ermənistan arasında birbaşa ticarətin başlanmasına dair hazırlıqlar tamamlanıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, 2022-ci ildən bəri Ermənistanla davam edən normallaşma prosesi çərçivəsində atılan etimad quruculuğu addımları əsasında Türkiyə və Ermənistan arasında birbaşa ticarətin başlanmasına dair bürokratik hazırlıqlar 11 may 2026-cı il tarixində tamamlanıb.

 

Ö.Keçeli vurğulayıb ki, iki ölkə arasındakı ortaq sərhədin açılmasına yönəlmiş zəruri texniki və bürokratik işlər isə hələ də davam edir:

“Həyata keçirilən yeni tənzimləmə sayəsində Türkiyədən üçüncü bir ölkəyə, oradan da Ermənistana gedən və ya eyni marşrutdan istifadə edərək geri gələn malların son təyinat və ya çıxış nöqtəsinin “Ermənistan/Türkiyə” şəklində qeyd olunması mümkün olacaq”.

Sözçü qeyd edib ki, Cənubi Qafqazda davamlı sülh və rifahın gücləndirilməsi istiqamətində yaranmış tarixi fürsətin işığında Türkiyə bölgədə iqtisadi münasibətlərin inkişaf etdirilməsinə və əməkdaşlığın bütün region ölkələri və xalqlarının xeyrinə daha da irəlilədilməsinə töhfə verməyə davam edəcək.