Azərbaycanla tranzit əməkdaşlığının artırılması açar rola sahibdir – İranlı palata rəsmisi

Azərbaycanla tranzit əməkdaşlığının genişləndirilməsi İranın zəruri məhsullarının (buğda, arpa, düyü, çay, yemək yağı və sairə) təmin olunması və regional ticarətin yüksəldilməsində açar rola sahibdir.

Trend-in məlumatına görə, bunu İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının sədri vəzifəsini icra edən Hüseyn Pirmoəzzen İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətində məhsul ixracının inkişafı və sərhəd mübadilələrinin tənzimlənməsi işçi qrupunun iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanla regional əməkdaşlığın inkişaf etdirilməsi əhəmiyyət kəsb edir. Bu məqsədlə nəqliyyat infrastrukturları və logistikanın gücləndirilməsi, xarici ticarətdə özəl sektorun rolunun artırılması önəmlidir.

 

Pirmoəzzen bildirib ki, eyni zamanda sərhəd mübadilələrinin inkişaf etdirilməsi ilə əlaqədar razılaşmaların icrası diqqət mərkəzində ola bilər.

Son vaxtlar Azərbaycana səfərinə diqqət çəkən Pirmoəzzen qeyd edib ki, səfər çərçivəsində zəruri məhsullar, ərzaq məhsulları və neft-kimya məhsullarının təmin edilməsi, tranzit olunması və mübadiləsinin asanlaşdırılması sahələrində birgə imkanların araşdırılması diqqət mərkəzində olub.

Qeyd edək ki, İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının sədri vəzifəsini icra edən Hüseyn Pirmoəzzen son vaxtlar ticarət əlaqələrinin inkişaf etdirilməsi məqsədilə Azərbaycana səfər edib.