"Moody’s Ratings" beynəlxalq reytinq agentliyi tərəfindən “Cənub Qaz Dəhlizi” QSC-yə (SGC) verilən baza kredit qiymətləndirməsi (Baseline Credit Assessment, BCA) göstəricisi MDB regionu üzrə ən yüksək göstəricilərdən biridir.
““Cənub Qaz Dəhlizi” QSC beynəlxalq reytinq agentliyi "Moody’s Ratings" tərəfindən ilk uzunmüddətli emitent reytinqini əldə edib. Genişmiqyaslı və müstəqil maliyyə təhlilinin nəticələrinə əsasən, SGC-nin uzunmüddətli reytinqi müsbət proqnozla “Baa3” səviyyəsində təsdiqlənib ki, bu da investisiya səviyyəsinə uyğundur.
Bundan əlavə, "Moody’s Ratings" SGC-nin baza kredit qiymətləndirməsini (BCA) “baa3” səviyyəsində təsdiqləyib. Bu göstərici təkcə Azərbaycanda deyil, həmçinin MDB ölkələri arasında da ən yüksək göstəricilərdən biridir. "Moody’s"in məlumatına görə, SGC-nin reytinqi Azərbaycanın suveren reytinqi (“Baa3”) ilə məhdudlaşır. Ölkənin suveren reytinqində mümkün müsbət dəyişikliklər birbaşa şirkət reytinqinə də təsir göstərəcək. Bu reytinq bir daha SGC-nin beynəlxalq maliyyə bazarlarında maliyyə dayanıqlığını və etibarlılığını təsdiqləyir”, – deyə şirkətin məlumatında bildirilir.
2025-ci ildə SGC həmçinin "Fitch Ratings" beynəlxalq agentlik tərəfindən sabit proqnozla “BBB-” səviyyəsində uzunmüddətli emitent defoltu reytinqini uğurla əldə edib.
SGC — Azərbaycan Respublikasının Cənub Qaz Dəhlizi layihələrində pay iştirakının idarə olunması və maliyyələşdirilməsi məqsədilə yaradılmış qapalı səhmdar cəmiyyətidir. Səhmlərin 51 faizi SOCAR-a, 49 faizi isə dövlət adından fəaliyyət göstərən Azərbaycan İqtisadiyyat Nazirliyinə məxsusdur.