Yeni şəhərlər gələcək nəsillər üçün təhlükəsiz və ekoloji cəhətdən təmiz həyat təmin etməlidir - Sadiq Qurbanov

Gələcəyin şəhərləri yalnız bugünkü ehtiyacları ödəmək üçün deyil, həm də gələcək nəsillər üçün təhlükəsiz və ekoloji cəhətdən təmiz həyat təmin etmək məqsədilə qurulmalıdır.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması" mövzusunda beynəlxalq konfransda çıxışında bildirib.

“Məhz buna görə də şəhərlərin dayanıqlı və harmonik inkişaf modelləri xüsusi əhəmiyyət kəsb edir. Bakı Dövlət Universiteti tərəfindən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində təşkil olunan bu konfrans yüksək qiymətləndirilməyə layiqdir. Belə bir tədbirin Bakıda keçirilməsi isə beynəlxalq ictimaiyyətin Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasətə olan etimadının göstəricisidir”, – deyə o bildirib.

 

Sadiq Qurbanov qeyd edib ki, bu gün yeni dünya nizamının formalaşdığı bir dövrdə Azərbaycanın fəaliyyəti dünya ictimaiyyəti tərəfindən getdikcə daha çox tanınır.

“Dünyanın dövlətləri tədricən Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurları, o cümlədən ədalət uğrunda mübarizəsini qəbul edirlər. Məhz buna görə də onlar Azərbaycanda bu cür beynəlxalq konfransların və dialoq platformalarının keçirilməsini dəstəkləyir, ölkəmizi əməkdaşlıq üçün təhlükəsiz və etibarlı məkan kimi nəzərdən keçirirlər, – deyə o vurğulayıb.