Azərbaycan və Qazaxıstan türk əməkdaşlığının mədəni-tarixi müstəvidən praktik iqtisadi və logistika müstəvisinə keçirilməsində əsas rol oynayır.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu qazaxıstanlı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert, Qazaxıstanın İctimai İnkişaf İnstitutunun İnstitusional Təhlil və İslahatlar Mərkəzinin direktoru Rizzat Tasım Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammiti çərçivəsində jurnalistlərə verdiyi açıqlamada deyib.
Onun sözlərinə görə, Türküstan şəhərində keçirilən hazırkı TDT sammiti ilə bağlı nikbin gözləntilər var təşkilata üzv ölkələr böyük potensiala malikdir və bu potensial hazırda aktiv şəkildə konkret nəticələrə çevrilir.
“Artıq TDT-yə üzv ölkələrin tarixi, mənəvi və mədəni potensialından istifadə edərək bunu real müstəviyə keçirməyin vaxtıdır. Bunun üçün ciddi əsaslar var”,- deyə ekspert qeyd edib.
R.Tasımın sözlərinə görə, Beynəlxalq Valyuta Fondu məlumatlarına əsasən, TDT ölkələrinin ümumi ÜDM-i 2025-ci ilin yekunlarına görə təxminən 2,3 trilyon dollar təşkil edib ki, bu da dünya ÜDM-nin təxminən 2 faizinə bərabərdir.
“Qısa müddət ərzində bu marşrut üzrə ticarət dövriyyəsinin həcmi beş dəfə artıb. Məhz Azərbaycan və Qazaxıstanın sıx əməkdaşlığı (Türkiyənin fəal iştirakı ilə) bu logistika marşrutunun inkişafının əsas hərəkətverici qüvvəsinə çevrilib”, – deyə o bildirib.
Rəqəmsallaşma sammitin əsas prioritet istiqamətlərindən biri kimi qeyd olunub. Ekspert vurğulayıb ki, məhz bu sahədə gömrük prosedurlarının sadələşdirilməsi, informasiya bazalarının inteqrasiyası, vahid standartların yaradılması və rəqəmsal maliyyə alətlərinin tətbiqi vasitəsilə qısa müddətdə nəzərəçarpan nəticələr əldə etmək mümkündür.
“Əgər mədəni və mənəvi baza iqtisadi əsaslarla möhkəmləndirilsə, TDT qlobal dəyişikliklər dövründə ciddi sistem formalaşdıran platformaya çevrilə bilər”,- deyə Tasım bildirib.
O, həmçinin Azərbaycan və Qazaxıstan üçün öz nəqliyyat marşrutlarının gücləndirilməsinin siyasi əhəmiyyətini vurğulayıb. Buraya digər təşəbbüslərlə inteqrasiya, eləcə də iki ölkə arasında internet kabelinin çəkilməsi kimi rəqəmsallaşma layihələri daxildir.
Ekspert əməkdaşlığın vətəndaş ölçüsünün inkişafını da müsbət qiymətləndirib. Onun sözlərinə görə, bu il Azərbaycanda keçirilən və uğurla başa çatan ilk vətəndaş cəmiyyəti sammitindən sonra bu format ənənəvi xarakter alacaq.
O, təxminən 600 milyon dollar kapitalla fəaliyyət göstərən TDT İnvestisiya Fondunu da qeyd edib və bildirib ki, rəqəmsallaşma bu fondun maliyyələşdirməsində prioritet istiqamətlərdən biri olmalıdır.
Hərbi-texniki əməkdaşlıqdan danışan Rizzat Tasım qeyd edib ki, Azərbaycan, xüsusilə Qazaxıstan da daxil olmaqla tərəfdaş ölkələrlə real döyüş əməliyyatları sahəsində dəyərli təcrübəsini bölüşə bilər. Onun sözlərinə görə, hərbi-texniki əməkdaşlığın və birgə təlimlərin gücləndirilməsi gözlənilir, lakin hazırkı mərhələdə hərbi ittifaqın yaradılması planlaşdırılmır.