WUF13 Urban Expo: Bakı şəhərsalma sahəsində qlobal miqyaslı ən böyük sərgiyə ev sahibliyi edəcək

Bakıda keçiriləcək XIII Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əsas platformalarından biri – “Urban Expo” sərgisi miqyasına görə WUF tarixinin ən böyük sərgisi olacaq.

AZƏRTAC xəbər verir ki, 3,5 hektarlıq sərgi sahəsini əhatə edəcək sərgi Bakı Olimpiya Stadionunu mənzil həlləri, innovasiya və əməkdaşlığın qlobal nümayişi məkanına çevirəcək. Sərgidə dünyanın müxtəlif ölkələrindən 217 təşkilat iştirak edəcək, 66 ölkə isə milli pavilyonlarla təmsil olunacaq.

“Urban Expo” çərçivəsində milli pavilyonlar, icma əsaslı təşəbbüslər, startap innovasiyaları və yeni yaradılmış Biznes və İnnovasiya Mərkəzi təqdim ediləcək. Burada mənzil təminatı, iqlim dayanıqlılığı, əlçatanlıq və inklüziv şəhər inkişafı sahələrində praktik yanaşmalar nümayiş etdiriləcək.

Sessiya çərçivəsində öyrənmə, əməkdaşlıq və praktiki fəaliyyətlərin gücləndirilməsi məqsədilə üç yeni imkan da təqdim olunacaq.

WUF Akademiyası akademik dairələri, tədqiqatçıları və peşəkarları bir araya gətirərək öyrənmə və təcrübə mübadiləsi üçün xüsusi platforma rolunu oynayacaq.

Biznes və İnnovasiya Mərkəzi şəhər dəyər zəncirinin müxtəlif istiqamətlərində liderliyi, innovativ yanaşmaları və praktik mənzil həllərini ön plana çıxaracaq.

Yeni Təcrübələr Mərkəzində isə mənzil və şəhər inkişafı sahəsində dünyada tətbiq olunan real təcrübələr və miqyaslana bilən həllər nümayiş etdiriləcək.

Qeyd edək ki, bu yeni məkanlar ideyaların, biliklərin və tərəfdaşlıqların birləşdirilməsi yolu ilə mənzil və dayanıqlı şəhərləşmə sahəsində fəaliyyətin sürətləndirilməsinə töhfə verəcək.