2025-ci ildə bütün türk dünyası üzrə ümumi daxili məhsul artıq 2,1 trilyon dolları ötüb. Bu göstərici bizi dünyanın ən güclü iqtisadi potensiala malik ilk 10 iqtisadi məkanı sırasına daxil edir.
Trend xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunda çıxışı zamanı deyib.
V.Qasımlı xatırladıb ki, ötən il türk dövlətləri arasında ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub:
“Əhalimizin sayı artıq 180 milyona çatıb, ümumi ərazimiz isə 4,5 milyon kvadrat kilometrdir. Bu isə Avropa Birliyinin ərazisindən daha böyükdür.
Bu gün Türk Dövlətləri Təşkilatı dünya əhalisinin təxminən 1 faizini, dünya iqtisadiyyatının 2 faizini, dünya ticarətinin isə 3 faizdən çoxunu təmin edir”.
İcraçı direktor vurğulayıb ki, ötən il TDT-yə üzv ölkələr yüksək iqtisadi artım tempinə malik olublar:
“Qırğızıstanda iqtisadi artım 11 faizdən çox, Özbəkistanda 7 faizdən çox, Qazaxıstanda 6 faizdən çox, Türkiyədə isə 3,5 faiz olub. Azərbaycanda qeyri-neft sektoru üzrə artım 5 faizə yaxınlaşıb. Bizim təkcə mövqeyimiz deyil, dinamikamız da çox sürətlə inkişaf edir”.
O bildirib ki, Azərbaycan İkinci Dünya Müharibəsindən sonra şəhərsalma sahəsində ən unikal nümunələrdən birini yaradıb. Müharibədən sonra heç bir xalq və dövlət qısa müddət ərzində öz daxili imkanları hesabına bu qədər şəhər, kənd və qəsəbəni bərpa etməyib:
“2035-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzurda 200-ə yaxın şəhər, kənd və qəsəbənin bərpası nəzərdə tutulur. Bu, həqiqətən inanılmaz göstəricidir. Üstəlik nəzərə alsaq ki, bütün bunlar Azərbaycanın öz daxili imkanları hesabına həyata keçirilir, bu, olduqca qürurvericidir.
Bu gün artıq Qarabağ və Şərqi Zəngəzurda 40-dan çox yaşayış məntəqəsinə qayıdış təmin olunub. Salınan şəhərlər, kəndlər və qəsəbələr ən yüksək standartlara cavab verir. Bunlar “smart city”, “smart village”, yəni ağıllı şəhər və ağıllı kənd konsepsiyaları əsasında qurulur. Müasir texnoloji həllər burada tam şəkildə tətbiq olunur”.