Qaydar Abdikerimov: Orta Dəhliz Azərbaycanın Avrasiyanın strateji nəqliyyat mərkəzi kimi əhəmiyyətini gücləndirir

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) son illərdə dəyişən geosiyasi vəziyyət və qlobal təchizat zəncirlərinin transformasiyası fonunda Avrasiyada ən çox tələb olunan logistika layihələrindən birinə çevrilib.

Bu barədə AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında logistika və nəqliyyat marşrutlarının inkişafı üzrə beynəlxalq ekspert Qaydar Abdikerimov bildirib.

Onun sözlərinə görə, Orta Dəhliz tam şəkildə özünü doğruldub. Yaxın Şərqdə gərginliyin artması, qlobal logistikadakı dəyişikliklər və Asiya ilə Avropa arasında ticarətin artması bu marşruta olan tələbatı əhəmiyyətli dərəcədə artırıb.

Ekspert vurğulayıb ki, Orta Dəhliz hazırda ənənəvi nəqliyyat marşrutlarına vacib alternativ kimi qəbul edilir, onun əhəmiyyəti isə dəyişən qlobal geoiqtisadi arxitektura ilə yanaşı artmaqda davam edir. Onun qiymətləndirməsinə görə, region ölkələri yeni çətinliklərə vaxtında hazırlaşmağı və tranzit daşınmaların davamlı inkişafı üçün infrastruktur təməlini yaratmağı bacarıb.