WUF13-də beynəlxalq “Yaşıl Dəhliz Alyansı” layihəsi diqqət mərkəzində olacaq – ŞƏRH

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ilk günü baş tutacaq panellərdən biri də “Yaşıl Təchizat Zəncirində Yaşıl Logistika və Afrika Qitəsinə İnteqrasiya” olacaq.

Bu barədə AZƏRTAC-a açıqlamasında adıçəkilən panelin moderatoru, Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının Komitə rəhbəri, Nəqliyyat-Logistika üzrə CİLT dən akkreditasiyalı mütəxəssis Lamiyə Xəlilova bildirib.

“Azərbaycanın son illər əsas tranzit və logistika mərkəzlərindən biri kimi mövqeyini gücləndirməsində ölkədə “yaşıl logistika” modelinin formalaşdırılması istiqamətində atılan addımlar mühüm rol oynayır. Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının ilk günü baş tutacaq panel müzakirələrdən birinin də məhz bu mövzuya həsr olunması təsadüfi deyil. Panel sessiyada nəqliyyat və logistika infrastrukturunun şəhərlərin dayanıqlı planlaşdırılmasının əsas elementi olması, Azərbaycanın şəhərlərinin regional iqtisadi və tranzit mərkəzləri kimi inkişaf perspektivləri, həmçinin ölkənin nəqliyyat siyasəti və beynəlxalq “Yaşıl Dəhliz Alyansı” layihəsi barədə məlumat veriləcək”, - deyə Lamiyə Xəlilova diqqətə çatdırıb.

Qeyd edək ki, “Yaşıl Dəhliz Alyansı” layihəsi Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında bərpaolunan enerji mənbələrinin yaradılması və bu enerjinin Xəzər dənizinin dibi ilə beynəlxalq bazarlara ötürülməsi məqsədi daşıyan regional enerji layihəsidir.

Xatırladaq ki, 2024-cü il noyabrın 13-də “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişin icrası məqsədilə “Yaşıl Dəhliz Alyansı” MMC yaradılıb.