WUF13 şəhərsalma və mənzil sahəsində əməkdaşlıq üçün mühüm platformadır - Qabonlu nazir

Bakıda keçirilən WUF13f şəhərsalma və mənzil sahəsində əməkdaşlıq üçün mühüm platformadır.

Trend xəbər verir ki, bunu Qabonun Mənzil, Yaşayış Məntəqələri, Şəhərsalma və Torpaq Reyestri naziri Mays Mouissi WUF13 çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında deyib.

O bildirib ki, Bakıda keçirilən 13-cü Dünya Şəhər Forumunda iştirak etmək Qabon üçün mühüm əhəmiyyət daşıyır və ev sahibi Azərbaycana təşəkkür edib.

Nazir qeyd edib ki, hazırda dünya ciddi mənzil böhranı ilə üz-üzədir: “Bu mövzu – ‘Dünyanı mənzillə təmin etmək: təhlükəsiz və dayanıqlı şəhər və icmalar’ – iqlim və sosial çağırışlar qarşısında səfərbərlik çağırışıdır”.

Onun sözlərinə görə, dünyada 3 milyarddan çox insan qeyri-qənaətbəxş şəraitdə yaşayır, 300 milyondan çox insan isə evsizlik problemi ilə üzləşir. Afrikada isə təxminən 600 milyon insan hələ də elektrik enerjisindən məhrumdur.

Nazir əlavə edib ki, Qabon da bu çağırışlardan kənarda deyil: “Ölkəmizdə urbanizasiya səviyyəsi 80 faizdən çoxdur və biz təxminən 300 min mənzil çatışmazlığı ilə üz-üzəyik. Bu vəziyyət şəhərlərdə əhalinin artımı ilə daha da ağırlaşır”, – deyə o vurğulayıb.

 

O bildirib ki, iqlim dəyişikliyi nəticəsində daşqınlar, eroziya və torpaq sürüşmələri kimi risklər xüsusilə həssas yaşayış məntəqələrinə ciddi təsir göstərir.

Mays Mouissi qeyd edib ki, prezident Brice Oligui Nguema rəhbərliyi ilə ölkədə dərin mənzil və torpaq islahatları həyata keçirilir.
“Bu islahatların məqsədi vətəndaşların layiqli mənzilə və torpaq mülkiyyətinə çıxışını təmin etməkdir”, – deyə o bildirib.

Nazir əlavə edib ki, bu çərçivədə Qabon Mənzil Fondu yaradılıb, dövlət-özəl tərəfdaşlıqları (PPP) genişləndirilib və ölkədə minlərlə mənzil tikintisi həyata keçirilir. Həmçinin minlərlə torpaq sahəsinin istifadəyə verildiyi qeyd olunub.

O bildirib ki, Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində bir neçə regionda şəhərsalma üzrə baş planlar hazırlanıb və planlaşdırma sənədləri daha da təkmilləşdirilir.

Çıxışının sonunda nazir vurğulayıb ki, Qabon “ölçülə bilməyən idarə oluna bilməz” prinsipi ilə şəhərsalma sahəsində yeni statistik məlumat toplama sistemini işə salıb.