Mənzil əlçatan, dayanıqlı, yaxşı əlaqələndirilmiş və sosial baxımdan uyğun olmalıdır. Yalnız bu halda evləri sadəcə bina deyil, həqiqi "ev" adlandıra bilərik.
Trend xəbər verir ki, bunu Malayziyanın Mənzil və Yerli Özünüidarəetmə naziri, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının prezidenti Nga Kor Ming Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) ikinci günü çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan hökumətini 40 mindən çox iştirakçının qatıldığı WUF13-ün uğurla təşkil olunması münasibətilə təbrik edir.
Nga Kor Ming qeyd edib ki, builki forumun əsas mövzusu məhz mənzil məsələsidir və bu, qlobal şəhərsalma gündəliyində xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, ev sadəcə kərpic və tikinti materiallarından ibarət deyil, o, ümid və arzular üzərində qurulan bir məfhumdur.
Ming vurğulayıb ki, gələcəkdə dövlətlər tərəfindən inşa edilən mənzillər bir sıra əsas meyarlara cavab verməlidir: əlçatanlıq, nəqliyyat və infrastruktur əlaqəliliyi, dayanıqlılıq və layiqli icma mühiti.
O əlavə edib ki, bu prinsiplər əsasında formalaşan yaşayış məkanları həqiqi “ev” anlayışını yarada bilər və insan rifahına xidmət edər.