Bolqarıstandan olan nümayəndə heyəti Bakıda WUF13-ün təşkilatçılığını yüksək qiymətləndirib

Bolqarıstan bələdiyyələrinin nümayəndələri Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirakdan məmnun qalıblar və forumun təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirirlər.

Bu barədə WUF13 çərçivəsində Bolqarıstanın Krumovqrad şəhərinin meri Sebihan Mehmed Trend-ə açıqlamasında bildirib.

O qeyd edib ki, səfərin əsas məqsədi müxtəlif şəhərlərin təcrübəsini öyrənmək və yerli idarəetmə orqanlarının fəaliyyətində mümkün tətbiq üçün ən yaxşı təcrübələrin mübadiləsidir.

“Bolqarıstan tərəfinin iştirakı ölkənin bələdiyyə qurumlarının birliyi çərçivəsində həyata keçirilir və siyasi danışıqların aparılmasını və ya yüksək səviyyəli rəsmi sazişlərin imzalanmasını nəzərdə tutmur”, - deyə o bildirib.

S.Mehmed eyni zamanda ölkələr və şəhərlər arasında əməkdaşlığın inkişaf etdirilməsinin, həmçinin yerli və beynəlxalq səviyyədə dostluq əlaqələri və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

 

Qeyd edək ki, WUF13 mayın 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirəcək.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.