Xankəndi şəhərinin yeni Baş planı 80 min nəfərlik olacaq

Xankəndi şəhərinin Baş planı hazırlanır.

Trend xəbər verir ki, bunu Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Münaqişədən sonrakı şəhərsalma: məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda təşkil olunan tədbirdə deyib.

"Baş plan hazır olduqdan sonra daha ciddi, əsaslı tikililərin şahidi olacağıq. Xankəndi şəhərinin yeni Baş planı 80 min nəfərlik əhali üçün nəzərdə tutulur. İndiki halda bu 62 min nəfərlikdir", - o vurğulayıb.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

 

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.