Dünyanın bütün regionlarında mənzil məsələsi siyasət müzakirələrinin kənarında qalan mövzu olmaqdan çıxaraq siyasi, iqtisadi və sosial gündəliyin mərkəzinə çevrilib.
Trend xəbər verir ki, bu fikirləri UN-Habitat-ın Regional Proqramlar Bölməsinin direktoru Patrik Kalaqasinlam WUF13 çərçivəsində keçirilən “Mənzil qlobal koalisiyaların mərkəzində” adlı panel müzakirəsində deyib.
“Qlobal iqtisadiyyata baxın. Mənzil sistemləri artıq məhsuldarlıq, miqrasiya, dövlət maliyyəsi və dayanıqlılıq məsələləri ilə dərin şəkildə əlaqələnir. Bəs bu əslində nə deməkdir? Mənzil artıq yalnız ayrıca bir sektor və ya sosial sahə məsələsi deyil. Bu, sistem xarakterli məsələyə çevrilir. Sistem xarakterli problemlər isə koalisiyaya əsaslanan yanaşma tələb edir”,-deyə o bildirib.
UN-Habitat rəsmisi bildirib ki, əgər biz mənzil məsələsini düzgün həll etməsək, iqlim strategiyalarının uğurlu olub-olmaması, şəhər iqtisadiyyatlarının rəqabət qabiliyyətini qoruyub saxlaması, demoqrafik keçidlərin idarə olunması və sosial həmrəyliyin davam etməsi ciddi risk altına düşəcək:
“Məhz buna görə də mənzil məsələsi qlobal koalisiyaların mərkəzində dayanmalıdır. Bu, ikinci dərəcəli və ya sonradan yada düşən məsələ deyil”.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.