Sentyabrda Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilməsi planlaşdırılır - Yusif Abdullayev

Azərbaycanda ağıllı və dayanıqlı şəhər inkişafı yalnız daha keyfiyyətli yaşayış mühitinin yaradılması deyil, həm də investisiya, ticarət, innovasiya və regional bağlantılar üçün yeni imkanlar yaradır.

Trend xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Yusif Abdullayev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Tətbiqdə şəhər dəyər zənciri: Azərbaycanda ağıllı və dayanıqlı şəhər layihələrinin həyata keçirilməsi” mövzusunda tədbirdə deyib.

O bildirib ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir və əsas məqsədi ölkəyə birbaşa xarici investisiyaların cəlb olunması, eləcə də yerli ixracatçıların xarici bazarlara çıxışına dəstək verməkdir.

“Əsas prioritetimiz qeyri-neft və qaz ixracının təşviqidir. Bu istiqamətdə “Made in Azerbaijan” brendi altında bir sıra dəstək mexanizmləri həyata keçirmişik”, - deyə o vurğulayıb.

Y.Abdullayev qeyd edib ki, bu ildən etibarən yeni dəstək mexanizmlərinin tətbiqi planlaşdırılır.

“Əsas mexanizmlərdən biri logistika subsidiyasıdır. İxracatçılar məhsullarını xaricə göndərərkən onların logistika xərclərinin 75 faizədək hissəsini dəstəkləməyi planlaşdırırıq”, - deyə o əlavə edib.

AZPROMO rəhbəri bildirib ki, dayanıqlı şəhərlərin formalaşdırılması üçün rəqabətqabiliyyətli təchizatçılar, müasir tikinti həlləri, logistika imkanları və özəl sektorun fəal iştirakı vacibdir.

“Şirkətlərimizin beynəlxalq bazarlara çıxışını dəstəkləməklə, ölkə daxilində şəhər transformasiyasını dəstəkləyən ekosistemi də gücləndirmiş oluruq”, - deyə o qeyd edib.

Y.Abdullayev xatırladıb ki, AZPROMO beynəlxalq biznes platformalarının təşkili və investisiya imkanlarının təşviqi istiqamətində də fəal işləyir.

Onun sözlərinə görə, COP29 çərçivəsində təşkil olunan Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması buna nümunədir.

“Həmin platforma 70-dən çox ölkədən 1000-dən artıq iştirakçını bir araya gətirdi və iqlim yönümlü investisiya tərəfdaşlıqları üçün mühüm zəmin yaratdı”, - deyə o bildirib.

O əlavə edib ki, WUF13 də bu dialoqun inkişafı üçün mühüm platformadır.

Y.Abdullayev qeyd edib ki, yaxın zamanda AZPROMO tərəfindən Bakı Şəhər Həftəsi çərçivəsində “Şəhərlərdən sərhədsiz ticarətə: İxrac və logistika forumu” təşkil olunub.

 

“Forum şəhərlərin ixrac, logistika və iqtisadi bağlantıların əsas hərəkətverici qüvvəsinə çevrilən rolunu müzakirə etməyə imkan yaratdı”, - deyə o bildirib.

AZPROMO rəhbəri vurğulayıb ki, müasir şəhər layihələri artıq iqtisadiyyatdan ayrı düşünülmür.
“Bu layihələr dəyər zəncirlərini formalaşdırır, yeni ticarət marşrutları açır, investisiyaları cəlb edir və biznes icmaları üçün yeni imkanlar yaradır”, - deyə o qeyd edib.

Y.Abdullayev əlavə edib ki, ötən ilin sentyabrında ilk Azərbaycan Beynəlxalq İnvestisiya Forumu təşkil olunub və bu platformanın ikinci buraxılışının cari ilin 25-26 sentyabr tarixlərində keçirilməsi planlaşdırılır.

“Bu platforma artıq Azərbaycana nüfuzlu beynəlxalq iştirakçıları cəlb edən qlobal təşəbbüsə çevrilməkdədir”, - deyə o vurğulayıb.

Sonda o bildirib ki, ağıllı və dayanıqlı şəhər inkişafı ortaq məsuliyyətdir.

“Hökumətlər strateji baxışı və uyğun mühiti formalaşdırır, investorlar kapital və təcrübə gətirir, biznes isə həllər təqdim edir. Beynəlxalq platformalar isə bütün bu tərəfləri bir araya gətirir”, - deyə Y.Abdullayev əlavə edib.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.