Bakıda şəhər infrastrukturunun yaxşılaşdırılması və tullantıların idarə olunması istiqamətində yeni layihələrin həyata keçirilməsi planlaşdırılır.
Trend xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Xarici Maliyyə Təşkilatları və İnvestisiya Fondları ilə İş Departamentinin Beynəlxalq İnvestisiya Fondları və Donorlarla Əməkdaşlıq şöbəsinin müdiri Günel Quliyeva WUF13 çərçivəsində “Plastik çirklənməsi ilə mübarizə: yaşanıla bilən şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi” mövzusunda keçirilən panel müzakirəsində deyib.
O bildirib ki, 2025-ci ildə İqtisadiyyat Nazirliyi ilə Dünya Bankı arasında “Yaşanıla bilən Bakı” layihəsi üzrə kredit sazişi imzalanıb.
“Layihənin əsas məqsədi şəhər infrastrukturunun dəstəklənməsi, ictimai məkanların bərpası və yaşayış infrastrukturunun yaxşılaşdırılmasıdır”,-deyə o qeyd edib.
G.Quliyevanın sözlərinə görə, layihənin əsas komponentlərindən biri Bakı ətrafındakı üç gölün, o cümlədən Xocasən gölünün təmizlənməsidir.
“Eyni zamanda bərk məişət tullantıları sahəsində mühüm tədbirlər nəzərdə tutulur. Bu çərçivədə Abşeronda bir poliqonun, Qobustan, Şamaxı və digər ərazilərdə isə dörd ötürücü məntəqənin tikintisi planlaşdırılır”,-deyə o əlavə edib.
Qeyd olunub ki, layihə çərçivəsində çirklənmiş ərazilərin təmizlənməsi istiqamətində də addımlar atılacaq.
G.Quliyeva vurğulayıb ki, layihələrin icrasında Dünya Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər tərəfdaş qurumlarla sıx koordinasiya həyata keçirilir.
Onun sözlərinə görə, beynəlxalq təcrübənin tətbiqi və müvafiq standartların müəyyənləşdirilməsi bu istiqamətdə əsas prioritetlərdən biridir.
“Biz beynəlxalq ekspertlərlə yaxından işləyirik. Hesab edirik ki, poliqonların və ötürücü məntəqələrin tikintisi tullantıların idarə olunması ilə bağlı problemlərin həllinə və bu sahədə irəliləyişlərin əldə olunmasına şərait yaradacaq”,-deyə o bildirib.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.