Hal-hazırda Afrikanın demək olar ki, yarısı böyükşəhər ərazilərində yaşayır, əsrin ortasına qədər bu rəqəm 60 faizə çatacaq. Bu regionlar artıq qitənin ÜDM-nin 60 faizini istehsal edir. Lakin böyükşəhər idarəetməsi üçün ardıcıl hüquqi-siyasi çərçivənin olmaması ciddi problem olaraq qalır.
AZƏRTAC xəbər verir ki, bu məlumatı Qautenq Şəhər-Region Observatoriyasının (Cənubi Afrika) icraçı direktoru Rəşid Seedat Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Əlverişli mənzil və inklüziv ərazi inkişafı üçün böyükşəhər idarəetməsi” panel sessiyasında çıxışı zamanı söyləyib.
Afrika kontekstində böyükşəhər idarəetməsi, mənzil böhranı və iqlim dəyişikliyinin kəsişdiyi məsələlər barədə çıxış edən icraçı direktor konkret ölkə nümunələrinə də toxunub. O, Cənubi Afrika, Nigeriya, Mərakeş və Tanzaniya nümunələrini müqayisəli şəkildə təhlil edərək böyükşəhər idarəetməsinin vahid modelinin olmadığını, hər ölkənin öz şəraitinə uyğun yanaşma seçməli olduğunu vurğulayıb. O, Cənubi Afrikanın Yohannesburq şəhərini misal gətirərək 6 milyonluq şəhərin tək pilləli böyükşəhər bələdiyyəsi kimi effektiv idarə edildiyini qeyd edib.
Seedat mənzil məsələsindəki ən çox yayılmış səhvi diqqətə çatdırıb: “Mənzil həmişə xidmətlərlə birlikdə düşünülməlidir. Evi sürətlə inşa etmək mümkündür, lakin su, elektrik, nəqliyyat infrastrukturu olmadan bu ev öz funksiyasını yerinə yetirə bilməz”.
İqlim dəyişikliyi məsələsinə toxunan İcraçı Direktor Cənubi Afrikanın Keyptaun şəhərinin son həftə görünməmiş güclü yağışa məruz qalmasını və infrastrukturun ciddi zərər görməsini nümunə kimi göstərib. Böyükşəhər idarəetmə mexanizmlərinin zəifliyi üzündən iqlim risklərinə qarşı lazımi miqyasda cavab verilə bilmədiyini vurğulayıb.