Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə qaz nəqli artıb

Bu ilin yanvar-aprel aylarında Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə 7 milyard 539,3 milyon kubmetr qaz nəql edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 215,3 milyon kubmetr və ya 2,9% çoxdur.

Ümumilikdə hesabat dövründə magistral qaz kəmərləri ilə 14 milyard 287,2 milyon kubmetr qaz nəql olunub ki, bu da ötən ilin yanvar-aprel aylarındakı göstərici ilə müqayisədə 394,3 milyon kubmetr və ya 2,8% çoxdur. Qazın ümumi həcminin 52,8%-i Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə nəql olunub.

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırılır. Kəmər 2006-cı ilin sonunda istismara verilib və “Şahdəniz” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində hasil olunan qazın nəqli başlanıb. 2018-ci ilin yayından etibarən isə “Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş qaz kəməri – TANAP vasitəsilə Türkiyəyə tədarükünə start verilib.