Xocalıda fəaliyyət göstərəcək “Qarabağ Tekstil Evi” MMC-nin istehsalat müəssisəsində ildə 1,4 milyon ədəd tekstil məhsulunun istehsalı planlaşdırılır.
Müəssisənin təsisçisi Rizvan Təhməzov Trend-in Qarabağ bürosuna bildirib ki, fabrik Türkiyə və Çin texnologiyaları əsasında qurulub və müasir avadanlıqlarla təchiz edilib.
Onun sözlərinə görə, ilkin mərhələdə müəssisədə müxtəlif ölçü və çeşidlərdə ev tekstili məhsulları, o cümlədən yataq dəstləri, çarpayı və divan örtükləri, eləcə də dəsmallar istehsal olunacaq.
Bildirilib ki, istehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici bazarlara da ixrac ediləcək. İstehsalda istifadə olunan xammalın bir hissəsi yerli bazardan, digər hissəsi isə Türkiyə, Özbəkistan və Çindən təmin olunacaq.
Hazırda müəssisədə 85 nəfər daimi işlə təmin edilib. İşçilərin əksəriyyəti işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlardır.
Bundan əlavə, Xocalı və Ağdam rayonlarından olan 40 nəfər Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə təşkil edilən iki aylıq peşə hazırlığı kurslarına cəlb olunacaq. Təlimləri uğurla başa vuran şəxslərin müəssisədə işlə təmin olunması nəzərdə tutulur.
Təsisçi gələcəkdə iş yerlərinin sayının 200 nəfərə çatdırılmasının və əlavə olaraq geyim istehsalının təşkilinin planlaşdırıldığını qeyd edib.
Müəssisənin ilkin investisiya dəyəri 4,2 milyon manat təşkil edir. Bunun 3,2 milyon manatı Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən güzəştli kredit şəklində ayrılıb, 1 milyon manatı isə özəl investisiya hesabına maliyyələşdirilib.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yaradılan investisiya və biznes mühiti regionda iqtisadi fəaliyyətin genişlənməsinə və yeni iş yerlərinin açılmasına şərait yaradır.