“Uzbekneftegaz” Bakıda ABŞ və Avropa şirkətləri ilə yeni layihələri müzakirə edəcək

Özbəkistanın “Uzbekneftegaz” şirkəti Bakıda ABŞ və Avropanın aparıcı şirkətləri ilə perspektivli birgə layihələrin müzakirəsinə dair görüşlər planlaşdırıb.

Bunu şirkətin sənaye kooperasiyası və lokallaşdırma departamentinin rəhbəri Jamaliddin Umurzakov bu gün Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində Trend-ə açıqlamasında deyib.

O bildirib ki, Özbəkistanın neft-qaz sənayesində 100 ildən artıq təcrübəyə malik olan şirkəti Bakı Enerji Həftəsində eksklüziv stendlə təmsil olunur.

Onun sözlərinə görə, stenddə şirkətin fəaliyyəti ilə bağlı ətraflı məlumat təqdim olunur.

“Şirkətimiz neft-qaz sənayesinin bütün dəyər zəncirini əhatə edir. Fəaliyyət istiqamətlərimiz geoloji kəşfiyyat, qazma işləri, karbohidrogenlərin hasilatı, nəqli və dərin emalını əhatə edir”, – deyə o bildirib.

 

J.Umurzakov qeyd edib ki, şirkət Azərbaycanın aparıcı neft-qaz şirkəti olan SOCAR ilə uzun illərdir uğurlu əməkdaşlıq edir.

“Hazırda geoloji kəşfiyyat və Özbəkistan ərazisində yeni yataqların birgə işlənməsi də daxil olmaqla bir sıra iri investisiya layihələrinin icrasına başlanılıb. Eyni zamanda, ticarət sahəsində də uğurlu layihələr həyata keçirilir”, – deyə departament rəhbəri vurğulayıb.

O bildirib ki, Bakı Enerji Həftəsi çərçivəsində tərəflər digər perspektivli əməkdaşlıq istiqamətlərini də müzakirə etməyi planlaşdırırlar.

“Bu tədbirdə iştirakdan böyük gözləntilərimiz var. ABŞ və Avropanın aparıcı şirkətləri ilə perspektivli birgə layihələrin müzakirəsinə dair görüşlər planlaşdırılıb. Bununla yanaşı, yeni tərəfdaşlarla müxtəlif istiqamətlər üzrə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi üçün dialoqa açığıq”, – deyə J.Umurzakov əlavə edib.