Bakı Enerji Həftəsi çərçivəsində energetika naziri Pərviz Şahbazovla Qırğızıstanın energetika naziri Taalaybek İbrayev arasında görüş keçirilib.
Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan və qırğız xalqları arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq münasibətlərinin dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq uğurla inkişaf etdiyi qeyd olunub. Enerji sahəsində əməkdaşlığın inkişafı çərçivəsində neft məhsullarının tədarükü, neft-kimya sənayesində və elektrik enerji sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Həmçinin “Mərkəzi Asiya-Azərbaycan Enerji Dəhlizi” layihəsinin perspektivləri də müzakirə edilib. Layihənin region ölkələrinin enerji sistemlərinin inteqrasiyasına, enerji təhlükəsizliyinin gücləndirilməsinə və bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin yeni bazarlara çıxarılmasına mühüm töhfə verəcəyi bildirilib. Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş olduğunu vurğulayaraq, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.
Görüşdə enerji sahəsində əməkdaşlığın inkişafı üçün Azərbaycan-Qırğızıstan Birgə İşçi Qrupunun növbəti iclasının tezlliklə keçirilməsi razılaşdırılıb. Azərbaycanın energetika naziri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) energetika nazirlərinin 6-cı iclası və “Qırğızıstan-ŞƏT 2026” beynəlxalq enerji sərgisində iştiraka dəvət edilib.