AÇG-nin sərbəst təbii qaz dövrü başlandı

bp şirkəti Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru olaraq AÇG tərəfdaşları – “SOCAR”, “MOL”, “INPEX”, “ExxonMobil”, “TPAO” və “ONGC Videsh” – adından bu gün elan edib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AÇG yatağında sərbəst təbii qaz (STQ) hasilatı əməliyyatları başlanıb.

Bununla da dünyanın ən böyük neft yataqlarından biri olan AÇG ilk kommersiya qaz hasilatı əməliyyatlarına başlayır.

Mövcud Qərbi Çıraq platformasından qazılmış ilk STQ quyusu AÇG-nin irihəcmli sərbəst təbii qaz ehtiyatları potensialının açılması istiqamətində atılan ilk mühüm addımdır. İlkin hasilatla yanaşı, bu quyu lay-kollektor və axın haqqında vacib məlumatlar əldə edilməsini təmin etməklə gələcək tammiqyaslı işlənmə planları üçün qaz ehtiyatlarının qiymətləndirilməsinə kömək edir.

AÇG yatağının STQ ehtiyatlarının iri həcmdə - təxminən 4 trilyon kubfut çıxarıla bilən ehtiyatlar və bunun da 6 trilyon kubfutadək artmaq imkanı olduğu düşünülür.

 

Bu gün Azərbaycan və AÇG tərəfdaşları üçün çox böyük bir gündür. AÇG-nin uzun və uğurlu bir tarixi var. Artıq 30 ilə yaxın neft hasil edən bu yataq indi də yeni səhifə açmaqla ölkə və öz investorları üçün dəyər gətirmək potensialını hələ də saxlayır. “Neftlə yanaşı, qaz hasilatı dövrünü başlamaqla AÇG indi inteqrasiya olunmuş həm neft, həm də qaz yatağı kimi xüsusi bir mövqeyə malik bir yataq olaraq regional sənayedə aparıcı rol oynayacaq, Azərbaycanın Avropaya enerji təchizatını artırmaq planlarına töhfə verəcək və ölkənin enerji keçidi istiqamətində səylərini dəstəkləyəcək.bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli

AÇG yatağında ilk STQ hasilatı əməliyyatları ötən il qazılmış və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet STQ layını – daha dayaz Qırmakıüstü Qumlu və daha dərin Qırmakıaltı Qumlu lay dəstlərini hədəfləyən ilk hasilat quyusunda başlanıb. Quyu Qırmakıüstü Qumlu lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləmiş, Qırmakıaltı Qumlu lay dəstində isə yüksək təzyiqli qaz ehtiyatlarının mövcudluğunu aşkar etmişdir.

İlk STQ hasilatı əməliyyatları Qırmakıaltı Qumlu lay dəstində başlanıb və ilkin dövr hasilatı olmaqla yanaşı həmçinin quyuda və lay dəstində sınaq işlərinin aparılmasını da əhatə edir.

Quyudan hasil edilən qaz və kondensat, neft və qaz işlənməsi sistemlərinin inteqrasiyası yolu ilə mövcud AÇG infrastrukturundan istifadə etməklə Səngəçal terminalına göndəriləcək ki, bu da mövcud dəniz obyektlərindən səmərəli istifadə üçün imkan yaradır.