BTC neft kəməri Qazaxıstan üçün ən perspektivli marşrutlardan biridir - nazir

Qazaxıstan Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəmərini neft ixracı üçün ən perspektivli marşrutlardan biri hesab edir və gələcəkdə onun mövcud sərbəst ötürmə güclərindən istifadə etməyi planlaşdırır.

Trend xəbər verir ki, bunu Qazaxıstanın Energetika naziri Yerlan Akkenjenov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Davamlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq” mövzusunda nazirlərin plenar sessiyasında deyib.

Nazir qeyd edib ki, Qazaxıstan hazırda Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) imkanlarından demək olar ki, tam həcmdə istifadə edir və neftin beynəlxalq bazarlara nəqli üçün əlavə marşrutlara ehtiyac duyur.

Onun sözlərinə görə, ötən il CPC-nin fəaliyyətində yaranan problemlər səbəbindən Qazaxıstan neft hasilatını məhdudlaşdırmaq məcburiyyətində qalıb.

“BTC artıq mövcuddur və ondan istifadə etməmək qeyri-səmərəli olardı”, – deyə nazir bildirib.

 

O vurğulayıb ki, Qazaxıstan hasil etdiyi neftin təxminən 80 faizini beynəlxalq bazarlara ixrac edir və əsas ixrac istiqaməti hələ də Avropa bazarıdır.

Onun sözlərinə görə, hazırda BTC neft kəmərinin 25 milyon ton həcmində sərbəst ötürmə gücü mövcuddur və Qazaxıstan neft sənayesinin gələcək inkişaf planlarını nəzərə alaraq bu həcmin bir hissəsindən yaxın gələcəkdə istifadə edə bilər.

Nazir əlavə edib ki, BTC yalnız Xəzər və Aralıq dənizlərini birləşdirmir, həm də Ceyhan limanında iri tutumlu VLCC tankerlərinin yüklənməsinə imkan yaradır ki, bu da istehlakçılar üçün əlavə iqtisadi fayda formalaşdırır.

“BTC neft kəməri Qazaxıstan üçün təkcə bu gün deyil, yaxın gələcəkdə də ən yaxşı marşrutlardan biridir”, – deyə Akkenjenov bildirib.