SOCAR regional enerji bazarında mühüm mövqeyə malik olmaqla yanaşı, qısa müddətdə transformasiya prosesini həyata keçirmək üçün geniş imkanlara sahibdir.
Trend xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidentinin müavini Hikmət Abdullayev bu gün Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində təşkil olunan panel müzakirələrində deyib.
Onun sözlərinə görə, SOCAR regionun ən böyük enerji təchizatçılarından biri kimi həm sənaye, həm də ətraf mühit göstəricilərinə təsir imkanlarına malikdir və bu üstünlük şirkətə mühüm məsuliyyət və imkanlar yaradır:
"SOCAR-da əməliyyat və ekoloji sahələr üzrə geniş təcrübə və imkanlar formalaşdırılıb, bütün plan və layihələr sistemləşdirilərək rəsmi şəkildə strukturlaşdırılıb. Hazırda şirkət mövcud alətlərdən istifadə etməklə növbəti mərhələyə keçid üçün tam hazır vəziyyətdədir. Məqsəd klassik neft-qaz şirkətinin qısa müddətdə enerji şirkətinə çevrilməsi və bu transformasiyanın real nəticələrlə nümayiş etdirilməsidir".
SOCAR rəsmisinin sözlərinə görə, bu proses yalnız şirkət səviyyəsində deyil, həm də ölkə səviyyəsində həyata keçirilən enerji və ekoloji hədəflərlə uzlaşır. O əlavə edib ki, mövcud bilik və təcrübənin praktik tədbirlərə çevrilməsi ilə transformasiya prosesinin sürətləndirilməsi planlaşdırılır.