Asiya İnkişaf Bankı (AİB) Asiya və Sakit okean regionu ölkələrində fidusiar qiymətləndirmələrin aparılması və milli sistemlərin gücləndirilməsi ilə bağlı layihəni nəzərdən keçirir.
Trend xəbər verir ki, bankın yaydığı məlumata görə, təşəbbüs Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistan da daxil olmaqla bir sıra ölkələri əhatə edəcək.
Layihənin AİB-in Xüsusi Texniki Yardım Fondu hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Maliyyələşmənin həcmi 500 min ABŞ dolları təşkil edəcək.
Layihənin məzmunu, icra müddətləri və həyata keçirilməsi mexanizmləri ilə bağlı əlavə məlumatlar hələlik açıqlanmayıb.
Ümumilikdə, AİB-in 2025-ci ildə Azərbaycan qarşısında öhdəliklərinin həcmi 58,8 milyon ABŞ dolları təşkil edib.
Bundan əlavə, bank 2025-ci ildə Azərbaycan ilə 2029-cu ilədək dövrü əhatə edən yeni Ölkə Tərəfdaşlığı Strategiyasını təsdiqləyib.
Biliklərin inkişafı, innovasiyaların tətbiqi və katalitik maliyyələşdirmədən istifadəyə əsaslanan Strategiya “yaşıl” və şaxələndirilmiş iqtisadi artımın təmin edilməsinə, aşağı karbonlu nəqliyyat və enerji əlaqəliliyinin inkişafına, eləcə də yüksək əlavə dəyər yaradan sahələrin dəstəklənməsinə yönəlib. Sənəd həmçinin Azərbaycanın milli prioritetlərinin həyata keçirilməsinə, o cümlədən ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması üçün ixtisaslı kadrların hazırlanmasına dəstəyi nəzərdə tutur.