AİB Azərbaycanın iştirakı ilə inklüziv mühitin inkişafı üzrə layihə hazırlayır

Asiya İnkişaf Bankı (AİB) Asiya və Sakit okean regionu ölkələrində əlilliyi olan şəxslər üçün inklüziv inkişafın sürətləndirilməsinə yönəlmiş yeni regional təşəbbüsü nəzərdən keçirir.

Trend bu barədə banka istinadən məlumat verir.

AİB-in açıqladığı məlumata əsasən, layihənin Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistan da daxil olmaqla regionun bir sıra ölkələrini əhatə edəcəyi nəzərdə tutulur.

Təşəbbüsün 1,5 milyon ABŞ dolları həcmində maliyyələşdirilməsinin AİB-in Xüsusi Texniki Yardım Fondu hesabına təmin ediləcəyi gözlənilir.

 

Qeyd edək ki, AİB-in 2025-ci ildə Azərbaycan qarşısında öhdəliklərinin ümumi həcmi 58,8 milyon ABŞ dolları təşkil edib.

Bank cari ilin əvvəlində Azərbaycan ilə 2029-cu ilədək dövrü əhatə edən yeni Ölkə Tərəfdaşlığı Strategiyasını da təqdim edib.

Biliklərin inkişafı, innovasiyaların tətbiqi və katalitik maliyyələşdirmədən istifadəyə əsaslanan Strategiya “yaşıl” və şaxələndirilmiş iqtisadi artımın təmin edilməsinə, aşağı karbonlu nəqliyyat və enerji əlaqəliliyinin inkişafına, eləcə də yüksək əlavə dəyər yaradan sahələrin dəstəklənməsinə yönəlib. Sənəd həmçinin Azərbaycanın milli prioritetlərinin həyata keçirilməsinə, o cümlədən ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması üçün ixtisaslı kadrların hazırlanmasına dəstəyi nəzərdə tutur.