TDT ölkələrinin mərkəzi banklarının Şurasının növbəti toplantısı Bakıda keçiriləcək

İyunun 4-5-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin mərkəzi (milli) banklarının Şurasının növbəti toplantısı keçiriləcək.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bununla əlaqədar olaraq Şuranın üzvü olan Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə mərkəzi banklarının, həmçinin müşahidəçi qismində Macarıstan və Şimali Kipr mərkəzi banklarının rəhbər heyətləri ölkəmizə səfər edəcək. Toplantıda Türk Dövlətləri Təşkilatının Baş katibinin də iştirakı nəzərdə tutulub.

 

Toplantı təmsil olunan ölkələrin mərkəzi banklarının qlobal çağırışlar müstəvisində makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması, monetar siyasətin ötürücülüyünün təkmilləşdirilməsi, həmçinin rəqəmsal transformasiya dövründə maliyyə texnologiyalarının inkişafı istiqamətində üzləşdiyi çağırışlar və yeni imkanlarla bağlı məsələlərin müzakirəsi üçün effektiv platforma olacaq. Belə ki, toplantı çərçivəsində "Mərkəzi bankların ortamüddətli dövrdə qlobal və regional risklərə qarşı monetar və maliyyə siyasəti tədbirləri" və "Maliyyə texnologiyaları daxil olmaqla rəqəmsal maliyyə ekosistemlərinin inkişafı" mövzuları ətrafında təqdimatlar keçiriləcək və müzakirələr aparılacaq.

Xatırladaq ki, 2024-cü ildə təsis edilmiş Şuranın ilk toplantısı ötən il Qazaxıstanın Astana şəhərində keçirilib. Məsləhətçi və məşvərətçi orqan funksiyasını daşıyan Şuranın əsas məqsədi monetar siyasət, maliyyə sabitliyi, ödəniş sistemləri, maliyyə texnologiyaları və digər qarşılıqlı maraq kəsb edən sahələr üzrə əməkdaşlığın gücləndirilməsi, birgə məsləhətləşmələrin və tədqiqat işlərinin təşviq edilməsidir.