Cavid Abdullayev Azərbaycanda dam günəş enerjisinin potensialını açıqladı

Azərbaycanda paylanmış günəş energetikası və damüstü günəş enerjisi (rooftop solar) potensialının təhlili təqdim olunub. Təhlilə əsasən, binaların damlarında quraşdırıla biləcək günəş qurğularının texniki potensialı təxminən 9,4 QVt təşkil edir.

Trend xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Bakıda keçirilən 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda çərçivəsində keçirilən panel müzakirəsində deyib.

C.Abdullayev vurğulayıb ki, iri günəş və külək enerjisi layihələri ilə yanaşı, paylanmış generasiyanın, o cümlədən damüstü günəş enerjisinin inkişafı, eləcə də ev təsərrüfatlarının, biznes subyektlərinin və bələdiyyələrin enerji keçidində iştirakı mühüm əhəmiyyət daşıyır.

 

O qeyd edib ki, dünyada damüstü günəş enerjisi enerji təhlükəsizliyinin artırılması, elektrik şəbəkələrinə düşən yükün azaldılması, investisiya və məşğulluğun stimullaşdırılması üçün mühüm alət kimi qiymətləndirilir. Bununla belə, Azərbaycanda bu potensialdan hələ tam istifadə olunmur.

"Təqdim olunan tədqiqat çərçivəsində peyk məlumatları və geoməkan texnologiyalarından istifadə edilməklə ölkənin strateji əhəmiyyət daşıyan doqquz şəhərində damüstü günəş qurğularının potensialı qiymətləndirilib.

Nəticələrə əsasən, damüstü günəş enerjisinin texniki potensialı təxminən 9,4 QVt, illik potensial elektrik enerjisi istehsalı isə 11,8 TVt·saatdan çox təmiz elektrik enerjisi təşkil edir", - deyə o əlavə edib.