San-Marinonun rəsmi qəzeti “Tribuna Politica” SOCAR Trading Gas & Power ilə imzalanmış Azərbaycandan təbii qazın birbaşa tədarükünə dair sazişin əhəmiyyətini geniş şəkildə işıqlandıraraq, bu müqaviləni ölkənin enerji sabitliyinin təmin olunması istiqamətində ən mühüm addımlardan biri kimi qiymətləndirib.
Trend xəbər verir ki, nəşrdə qeyd olunub ki, sənədin Bakı Enerji Həftəsi çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf və dövlət şirkəti A.A.S.S.-in baş direktoru Marçello Forsellini tərəfindən imzalanması respublikanın resursların idarə olunması sahəsində yeni mərhələyə keçidini təmin edir.
Qəzetin jurnalistləri vurğulayırlar ki, təsdiqlənmiş təchizat modeli ölkəni geosiyasi risklərdən maksimum dərəcədə qorumağa və qış mövsümündə fasiləsiz istilik təchizatını təmin etməyə hesablanıb.
Müvafiq nazirliklər daxili istehlak tariflərinin sabitləşdirilməsi və dövlət büdcəsinin daha proqnozlaşdırılan parametrlər əsasında formalaşdırılması məqsədilə mənbədən birbaşa alış mexanizmindən istifadə etməyi planlaşdırırlar.