Qazaxıstanın Baş nazirinin müavini: Azərbaycanın sürətli iqtisadi inkişafı cəlbedicidir

Bakı, 7 aprel AZƏRTAC

Qazaxıstan qardaş Azərbaycanı yaxın tərəfdaşı hesab edir və bütün sahələr üzrə mövcud olan əməkdaşlıq əlaqələrini daha da genişləndirmək niyyətindədir.

DHA Press xəbər verir ki, bu sözləri Qazaxıstanın Baş nazirinin müavini, ticarət və inteqrasiya naziri Jamanqarin Serik Makaşeviç Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın aprelin 7-də Bakıda keçirilən 19-cu iclasında deyib.

Baş nazirin müavini diqqətə çatdırıb ki, ötən ilin avqustunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Bakıya rəsmi səfəri zamanı iki dövlət arasında imzalanan sənədlər yüksək səviyyədə icra olunur. Qazaxıstan ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 39 faiz artaraq 450 milyon dollara çatıb. Lakin bununla kifayətlənmək olmaz. Hər iki ölkə böyük iqtisadi potensiala malikdir və bu potensialdan istifadə edib, qarşılıqlı ticarət dövriyyəsini artırmaq lazımdır.

Onun sözlərinə görə, Azərbaycanın sürətli iqtisadi inkişafı cəlbedicidir və bu baxımdan Azərbaycan bazarı Qazaxıstan üçün əhəmiyyətli xarakter daşıyır. Qazaxıstan Azərbaycana ildə 500 milyon dollar həcmində məhsul ixrac edə bilər. Azərbaycana taxıl ixracı da 3, 3 faiz artıb.

Jamanqarin Serik Makaşeviç bildirib ki, bu gün Qazaxıstanda 1195 Azərbaycan şirkəti qeydə alınıb və ondan çox birgə müəssisə fəaliyyət göstərir. Azərbaycanın iş adamları Qazaxıstana 250 milyon dollardan artıq sərməyə yatırıb ki, bu da iqtisadi əlaqələrimizin inkişaf istiqamətində olduğunu göstərir.

“Qazaxıstan nəqliyyat-tranzit sahəsində də Azərbaycan ilə əməkdaşlıq əlaqələrini artırmaqda maraqlıdır. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı sahəsində Çindən Avropaya və əks istiqamətə yüklərin daşınmasında Qazaxıstan da iştirak edir. Qazaxıstan bu sahədə Azərbaycanın həyata keçirdiyi layihələri dəstəkləyir” – deyən Baş nazirin müavini enerji sahəsində əməkdaşlığa da toxunub. Qeyd edib ki, “yaşıl enerji” istehsalı sahəsində Qazaxıstan şirkətləri böyük təcrübəyə malikdir və Azərbaycan ilə bu sahədə əməkdaşlığa hazırdır.

Həmçinin vurğulayıb ki, Qazaxıstan Azərbaycanın Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ixrac etdiyi neftin həcmini 1,5 milyon tona çatdırmağı planlaşdırır.