Yeni Dövlət Proqramı həm məhsul istehsalını, həm də dəyər zəncirinin bütün mərhələlərini əhatə edən kompleks yanaşma əsasında hazırlanır.
Trend xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, proqram kənd yerlərində əhalinin aqrar məşğulluğunun artırılmasını və fermerlərin gəlirlərinin yüksəldilməsini əsas hədəflərdən biri kimi müəyyən edir:
"Dövlət Proqramının hazırlanmasını zəruri edən bir sıra amillər mövcuddur. Qlobal miqyasda aqrar sektorda baş verən çağırışlar, əhalinin qidaya olan tələbatının artması, iqlim dəyişikliklərinin yaratdığı risklər və dünya bazarlarında müşahidə olunan qeyri-sabitlik ərzaq təhlükəsizliyi üçün ciddi təhdidlər formalaşdırır. Bu səbəblər Dövlət Proqramının hazırlanmasını labüd edir.
Son on il ərzində kənd təsərrüfatı sahəsində 37 faizdən çox artım qeydə alınıb. Eyni zamanda, sahənin inkişafını dəstəkləyən infrastruktur istiqamətində mühüm işlər görülüb: taxıl elevatorlarının qurulması, logistika şəbəkəsinin genişləndirilməsi və rəqəmsallaşma proseslərinin sürətləndirilməsi bu istiqamətə daxildir.
Yeni Dövlət Proqramı aqrar sektorun davamlı və dayanıqlı inkişafını təmin etmək üçün kompleks yanaşma tətbiq edir. Əsas məqsədlər sırasında ərzaq təhlükəsizliyinin gücləndirilməsi, məhsuldarlığın artırılması, rəqabətqabiliyyətli dəyər zənciri üzrə istehsalın inkişaf etdirilməsi və azad edilmiş ərazilərdə aqrar fəaliyyətin tam bərpası yer alır.
Proqramın icrasını dəstəkləyəcək hüquqi və institusional bazanın gücləndirilməsi, eləcə də proseslərin rəqəmsallaşdırılması nəzərdə tutulur.
Proqramın əsas hədəflərinə görə, 2026–2030-cu illər ərzində kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində yaradılan ümumi daxili məhsulun orta illik artım tempinin ən azı 2% olması gözlənilir. Eyni zamanda kənd təsərrüfatı və balıqçılıq emalı məhsullarının ixracının orta illik 6% artacağı proqnozlaşdırılır.
2030-cu ilədək ixtisaslaşmış rayonlarda buğda üzrə hər hektardan orta məhsuldarlığın 50 sentnerə çatdırılması hədəflənir. Bunun nəticəsində istehsalda təxminən 20% artıma nail olunması və özünütəminetmə səviyyəsinin yüksəldilməsi nəzərdə tutulur.
Müasir suvarma sistemlərinin tətbiq olunduğu sahələrin 300 min hektara çatdırılması planlaşdırılır. Eyni zamanda intensiv və superintensiv meyvə bağlarının sahəsinin 20 min hektar artırılması hədəf kimi müəyyən edilib.
Pambıqçılıq sahəsində 2030-cu ilədək ixtisaslaşmış rayonlarda hər hektardan orta məhsuldarlığın 50 sentnerə çatdırılması və emal məhsullarının həcminin 4 dəfəyədək artırılması nəzərdə tutulur.
Heyvandarlıq sahəsində süd istehsalının 10%, ət istehsalının isə 20% artırılması hədəflənir. Xırdabuynuzlu heyvandarlığın inkişafı hesabına qoyun əti üzrə tam özünütəminetmə səviyyəsinə nail olunması planlaşdırılır.
Balıqçılıq və akvakultura sahəsində istehsalın 7,7 min tona çatdırılması, özünütəminetmə səviyyəsinin yüksəldilməsi və ixrac imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi, subsidiya və güzəştlər daxil olmaqla dəstək mexanizmlərinin gücləndirilməsi planlaşdırılır.
Həmçinin, aqrar subsidiyaların əhatə dairəsi genişləndirilir və aertifikatlı toxumdan istifadənin təşviqi genişləndirilir. Şuranın Qərarı ilə mövcud regionlaşmaya əlavə olaraq mavigilə üzrə əkin subsidiyası Quba-Xaçmaz iqtisadi rayonunda, pambıq üzrə məhsul subsidiyası Ağsunun Göydəlləkli kəndində, tütün üzrə məhsul subsidiyası Naxçıvan Muxtar Respublikasında, işğaldan azad edilmiş ərazilərdə salınan super-intensiv şaftalı (nektarin) bağları üzrə əkin subsidiyası Xocavənd rayonunda tətbiq ediləcək. Şuranın Qərarına əsasən, həmçinin 2026-cı il üzrə buğda üzrə cəmi əkin sahəsi 10 hektardan və ya arpa üzrə cəmi əkin sahəsi 100 hektardan artıq olan fermerlər tərəfindən sertifikatlı toxum İstifadə edilmədikdə əkin subsidiyası 20% azaldılmaqla ödəniləcək. Fermerlərin növbəti dövr payızlıq əkinlər üçün toxum hazırlığını və tədarükünü həyata keçirərkən bu tələbləri indidən nəzərə alması vacibdir, - o qeyd edib.
Nazir müavini bildirib ki, subsidiyalaşma sisteminin təkmilləşdirilməsi ilə bağlı nazirliyin bir sıra təklifləri mövcuddur. Bu təkliflər subsidiyalaşmanın əsasını təşkil edən mövcud qərar və fərmanlarda dəyişiklikləri də əhatə edir.
Onun sözlərinə görə, subsidiyalaşma sahəsində yeni yanaşmaların və yeni alətlərin tətbiqinə ehtiyac var:
"Bu dəyişikliklər ümumilikdə subsidiyaların səmərəliliyinin artırılmasına mühüm töhfə verəcək. İxtisaslaşmış, intensiv və yarımintensiv təsərrüfatların inkişafı istiqamətində müəyyən olunmuş hədəflərə uyğun olaraq xırda və iribuynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Bununla yanaşı, aqrar sektorun peşəkarlıq və kommersiyalaşma səviyyəsinin artırılması da əsas prioritetlərdən biridir. Proqramın hazırlanma mərhələsində Mərkəzi Bank, Biznesin İnkişafı Fondu və digər aidiyyəti qurumlarla maliyyə əlçatanlığının təmin olunması istiqamətində ilkin müzakirələr aparılmış və müəyyən razılaşmalar əldə edilib. Xüsusilə yeni tətbiq olunmağa başlayan kredit faizlərinin subsidiyalaşdırılması aləti həm banklar, həm də fermerlər üçün maliyyə resurslarına çıxışı və əlçatanlığı artıracaq. Maliyyə institutlarının sektora daha rahat çıxışını təmin etmək məqsədilə informasiya asimmetriyasının aradan qaldırılması da planlaşdırılır", - nazir müavini qeyd edib.
Zaur Əliyev həmçinin bildirib ki, bu ildən etibarən sertifikatlaşdırma ilə bağlı subsidiya alətinin istifadəsinə başlanılır.
Onun sözlərinə görə, xarici bazarlara çıxışa mane olan əsas səbəblərdən biri məhz sertifikat tələbləridir:
"Sertifikatlaşdırma üzrə subsidiyalarda əsasən Yaxın Şərq və müəyyən Şərqi Avropa ölkələri nəzərdə tutulur. Eyni zamanda Çin bazarına çıxış imkanlarının genişləndirilməsi, logistika və satış kanallarının açılması istiqamətində müvafiq qurumlar tərəfindən işlər həyata keçirilir", - nazir müavini qeyd edib.
Nazir müavini bildirib ki, fermerlərin informasiyaya çıxışını artırmaq, qabaqcıl texnologiyalara əlçatanlığı, lazımi məlumatların əlçatanlığını təmin etmek üçün mövcud Ektis proqramı çərçivəsində modul tipli elektron rəqəmsal platforma istifadəyə veriləcək.
Onun sözləronə görə, bu platformanın 2027-2028-ci illərdə istifadəyə verilməsi planlaşdırılır:
"Müəyyən testlər aparılıb, bununla bağlı iş gedir. Fermerlərə həm havanın, iqlimin dəyişməsi ilə bağlı, həm də digər lazımi məsələlərlə bağlı məlumatlar ötürüləcək", - vurğulayıb.