AİB Azərbaycan üçün STAR texniki yardım layihəsini təsdiqləyib

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan üçün Strateji Texniki və Analitik Resursların (Strategic Technical and Analytical Resources /STAR) təqdim edilməsinə dair texniki yardım layihəsini təsdiqləyib.

Trend bu barədə banka istinadən xəbər verir.

Layihənin icrası üçün AİB-in Xüsusi Texniki Yardım Fondundan 100 min ABŞ dolları ayrılacaq.

Layihə çərçivəsində analitik tədqiqatların və qiymətləndirmələrin maliyyələşdirilməsi, maraqlı tərəflərin iştirakı ilə seminar və tədbirlərin təşkili, bilik mübadiləsi təşəbbüsləri, yeni texnologiyaların və innovativ həllərin tətbiqi ilə bağlı pilot və tədqiqat layihələrinin həyata keçirilməsi, eləcə də bankın üzv ölkələrinin digər təxirəsalınmaz və gözlənilməz ehtiyaclarının qarşılanması nəzərdə tutulur.

 

Bildirilir ki, layihə AİB-in Azərbaycandakı tərəfdaşları ilə əməkdaşlığının gücləndirilməsinə, banka olan etimadın artırılmasına, həmçinin dəyərli analitik materiallar və ekspert biliklərinin təqdim edilməsinə yönəlib. Bundan əlavə, təşəbbüs texniki və konsultativ dəstəyinin vaxtında və keyfiyyətli şəkildə göstərilməsini təmin edəcək.

Qeyd edək ki, AİB-in məlumatına əsasən, bankın 2025-ci ildə Azərbaycandakı ümumi öhdəliklərinin həcmi 58,8 milyon ABŞ dollarına çatıb.

Xatırladaq ki, AİB cari ilin əvvəlində Azərbaycanla 2029-cu ilədək dövrü əhatə edən yeni Tərəfdaşlıq Strategiyasını təqdim edib.

Biliklərə, innovasiyalara və katalitik maliyyələşdirməyə əsaslanan strategiya ekoloji baxımdan dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın təşviqini, aşağı karbonlu qarşılıqlı əlaqələrin inkişafını, eləcə də yüksək əlavə dəyər yaradan sahələrin dəstəklənməsini nəzərdə tutur. Sənəd həmçinin Azərbaycanın milli prioritetlərinin, o cümlədən insan kapitalının inkişafı və ölkə iqtisadiyyatının rəqabətə davamlılığının artırılması istiqamətində hədəflərin həyata keçirilməsinə dəstək verməyə yönəlib.