Xankəndidə yağış sularının yığılması üçün yeni kollektor sisteminin tikintisi nəzərdə tutulur.
Trend-in Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Qarabağ Regional Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Müşfiq Adıgözəlov Qarabağa təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda layihələndirmə işləri aparılır.
Müşfiq Adıgözəlovun sözlərinə görə, şəhərin su təchizatı və kanalizasiya infrastrukturu ilə yanaşı, yağış sularının idarə olunmasını təmin edəcək kollektor sistemi də yenidən qurulacaq.
ADSEA rəsmisi bildirib ki, Xankəndi şəhərində sakinlər 24 saat fasiləsiz içməli su ilə təmin olunur.
Onun sözlərinə görə, şəhərin içməli su təchizatı Xəlfəliçay və Ballıcaçay su mənbələrindən təmin edilir. Həmin mənbələrdən daxil olan sular su təmizləyici qurğular kompleksində emal olunduqdan sonra əhaliyə çatdırılır:
“Su təmizləyici qurğular kompleksinin sutkalıq gücü 8 min kubmetrdir. Su əvvəlcə qarışdırıcıya daxil olur, ilkin xlorlama prosesindən keçir, daha sonra durulducu və qum filtrlərində təmizlənir. Son mərhələdə yenidən xlorlanan su təmiz su anbarlarına nəql olunur. Xankəndi şəhərində ümumilikdə 104 kilometr uzunluğunda su şəbəkəsi istismar edilir. Şəhər relyefinə uyğun olaraq 10 hidravlik zonaya bölünüb və bu zonalara 1 və 2 nömrəli su təmizləyici qurğular vasitəsilə xidmət göstərilir”.
İdarə rəisi əlavə edib ki, su anbarlarından şəhər sakinlərinə içməli su özaxımlı rejimdə və fasiləsiz şəkildə verilir.