Azərbaycanın qadın sahibkarları Berlin şəhərində keçirilən təcrübə mübadiləsi səfərində iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, “Resource HUB”ın təşkilatçılığı ilə baş tutan səfərin əsas məqsədi qadın sahibkarlığının inkişafı, Almaniyada qadın sahibkarlığı modellərinin öyrənilməsi, icmaəsaslı təşəbbüslərin gücləndirilməsi və Azərbaycan ilə Almaniya arasında gələcək əməkdaşlıq imkanlarının müzakirə olunmasıdır.
Səfər çərçivəsində iştirakçılar Almaniyanın müxtəlif dövlət qurumları, akademik institutları, biznes və sahibkarlıq mərkəzləri ilə görüşlər keçiriblər. Görüşlərdə qadınların iqtisadi güclənməsi, qadın sahibkarlığı ekosistemi, icmaəsaslı inkişaf, həssas qrupların əmək bazarına çıxışı və təsiryönümlü sahibkarlıq modelləri müzakirə olunub.
“Resource HUB”ın direktoru Gülnarə İsmayılova açıqlaması zamanı qadın sahibkarların beynəlxalq təcrübəyə çıxışının onların iqtisadi imkanlarını genişləndirdiyini vurğulayıb.
“Almaniyada qadın sahibkarlığını dəstəkləyən müxtəlif modellərlə tanış olduq. Xüsusilə mentorluq, təlim, şəbəkələşmə, maliyyə dəstəyi və qadınlar üçün yaradılan biznes mühitinin necə işlədiyini görmək bizim üçün çox faydalı oldu. Səfər zamanı Almaniyanın Xarici İşlər Nazirliyi, “HTW Berlin” Tətbiqi Elmlər Universitetinin nəzdində “EXIST-Qadın” proqramı, “Sosial Synergy” şirkəti, “La Red” təşkilatı, “WeiberWirtschaft eG”, “Crowd Ukraine” və digər qurumlarla görüşlər keçirilib. Bu görüşlər bizə göstərdi ki, qadın sahibkarlığının inkişafı təkcə fərdi biznes uğuru ilə məhdudlaşmır. Burada daha geniş yanaşma var: qadınların qərarvermədə iştirakı, icmaların gücləndirilməsi, həssas qrupların iqtisadi həyata cəlb olunması və yerli təşəbbüslərin davamlı modelə çevrilməsi. İstəyirik ki, bu təcrübələri Azərbaycanda, xüsusilə regionlarda fəaliyyət göstərən qadın icmaları ilə paylaşaq. Regionlarda qadınlarımız çox böyük potensiala malikdirlər. Düzgün bilik, əlaqə və dəstək verildikdə, onlar həm öz ailələrinə, həm də icmalarına real iqtisadi və sosial töhfə verə bilirlər”, - deyə Gülnarə İsmayılova qeyd edib.
Neftçala rayonunun Qaraman icmasının rəhbəri Gülqədəm Mirzəzadə isə qadınların bir araya gəlməsi, öyrənməsi və öz bacarıqlarını iqtisadi imkana çevirməsinin yerli inkişaf üçün mühüm əhəmiyyət daşıdığını bildirib. O, qeyd edib ki, icmada qadınların sosial-iqtisadi fəallığını artırmaq üçün maarifləndirici görüşlər, bacarıqların inkişafına yönələn tədbirlər və icmaəsaslı təşəbbüslər həyata keçirilir.
“Qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması təkcə onların şəxsi gəlirlərini artırmır, həm də ailələrin rifahına, gənc qızların motivasiyasına və icmada sosial fəallığın güclənməsinə təsir edir. Onların bəziləri əl işləri ilə məşğuldur, bəziləri kənd təsərrüfatı məhsulları hazırlayır, bəziləri də yeni peşə bacarıqları öyrənirlər. Əsas məsələ bu bacarıqları görünən etmək, qadınlara bazara çıxış, təqdimat və əməkdaşlıq imkanları yaratmaqdır. Almaniyada gördüyümüz təcrübə bizə göstərdi ki, icma səviyyəsində kiçik addımlar böyük nəticəyə çevrilə bilər”, - deyə o bildirib.
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) əsas mövzulardan birinin də unudulmuş və istifadəyə yararsız ərazilərin bərpası olduğunu vurğulayan G.Mirzəzadə bu kontekstdə Qaraman icması tərəfindən Neftçalada köhnə və istifadə olunmayan binanın bərpa edilərək icma mərkəzi kimi istifadəyə verilməsinin Almaniyadakı görüşlər zamanı böyük maraq doğurduğunu bildirib: “İstəyirik ki, kənd qadınları özlərini təkcə ev və ailə daxilində deyil, həm də icmanın inkişafında əsas qüvvə kimi görsünlər. Qadın sahibkarlığı bizim üçün həm iqtisadi, həm də sosial məsələdir. Bu istiqamətdə beynəlxalq təcrübə mübadiləsi bizə yeni ideyalar və daha sistemli yanaşma qazandırır”.
Qeyd edək ki, səfərin yekununda iştirakçılar öyrəndikləri təcrübələrin Azərbaycanda tətbiqi, qadın sahibkarlar üçün yeni əməkdaşlıq imkanları və regionlarda qadın sahibkarlığın inkişafı ilə bağlı növbəti addımları müzakirə ediblər.