Türk ekspert: Xəzər hövzəsi beynəlxalq kapital üçün birinci dərəcəli investisiya sahəsinə çevrilib

BOTAŞ, SOCAR, “TotalEnergies” və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında ümumilikdə 33 milyard kubmetr təbii qazın Türkiyəyə tədarükünü nəzərdə tutan uzunmüddətli anlaşmanı yalnız kommersiya qaz müqaviləsi kimi qiymətləndirmək onun strateji mahiyyətini tam əks etdirməz. Bu saziş adi təchizat razılaşmasından daha geniş məna daşıyır. Əslində, söhbət Xəzər-Anadolu enerji dəhlizinin institusional əsaslarını gücləndirən və regional enerji əməkdaşlığını yeni mərhələyə yüksəldən strateji addımdan gedir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk ekspert Ahmet Ziya Gökalp səsləndirib.

Ekspertin sözlərinə görə, bu əməkdaşlıq çərçivəsində SOCAR resurs bazası və dövlət dəstəyini, “TotalEnergies” dərin sulu və mürəkkəb yataqların işlənməsi üzrə qabaqcıl texnoloji təcrübəsini, ADNOC isə Körfəz regionunun maliyyə imkanlarını layihəyə cəlb edir. “Başqa sözlə, burada resurs, texnologiya və kapitalın vahid platformada birləşdiyi strateji model formalaşır. Xəzər qazını Türkiyəyə çatdıran konsorsiumda Körfəz ölkəsinə məxsus milli neft şirkətinin təmsil olunması təsadüfi deyil. Bu, bir tərəfdən Xəzər hövzəsinin beynəlxalq kapital üçün prioritet investisiya məkanına çevrildiyini, digər tərəfdən isə enerji geosiyasətinin ənənəvi Rusiya-Qərb oxundan çıxaraq daha çoxşaxəli və çevik arxitekturaya keçdiyini göstərir”, - deyə Ahmet Ziya Gökalp vurğulayıb.

Ekspert ikinci mühüm məqam kimi bu razılaşmanın gələcəyə yönəldiyini diqqətə çatdıraraq deyib: “Bu sənəd mövcud qaz axınının istiqamətinin dəyişdirilməsini deyil, hələ yekun investisiya qərarı verilməmiş “Abşeron” yatağının II fazasının işlənməsini mümkün edən öhdəlik xarakteri daşıyır. Uzunmüddətli satınalma zəmanəti yuxarı axın investisiyaları üzrə riskləri azaldır və yatağın inkişafına zəmin yaradır. Başqa sözlə, Türkiyə burada yalnız istehlakçı deyil, həm də yeni təchizatın formalaşması üçün maliyyə dayaq elementlərindən biridir. Bu isə mövcud resursların bölüşdürülməsi ilə yeni hasilat gücünün yaradılması arasında prinsipial fərq deməkdir və enerji təhlükəsizliyi baxımından daha yüksək dəyər kəsb edir”.

Ahmet Ziya Gökalpın fikrincə, Türkiyənin “enerji mərkəzi ölkə” vizyonu kontekstində illik 2,25 milyard kubmetr həcm ölkənin ümumi qaz istehlakının yalnız kiçik bir hissəsini təşkil edir. “Türkiyənin illik istehlakı 50 milyard kubmetrdən artıqdır. Lakin bu razılaşmanın strateji əhəmiyyəti onun həcmi ilə deyil, yaratdığı struktur rol ilə ölçülür. Bu funksiyanı “hub ölkə” konsepsiyasının iki əsas səviyyəsi ilə izah etmək olar. Birincisi, sadəcə tranzit ölkə kimi çıxış edərək qazın ərazidən keçidini təmin etmək, ikincisi isə real enerji mərkəzinə çevrilmək - yəni qiymət formalaşdıran, qazı yenidən ixrac edən və aktiv ticarət platforması rolunu oynayan bir mərkəz olmaq. Çoxmənbəli və çoxaktyorlu təchizat portfelinin formalaşdırılması Türkiyənin birinci mərhələdən ikinci mərhələyə, yəni tranzit ölkədən enerji mərkəzinə keçidinə doğru atılmış addım kimi qiymətləndirilə bilər. Həqiqi sınaq isə bu qazın gələcəkdə Avropa bazarına yenidən ixrac dinamikasına və qiymət formalaşma mexanizmlərinə necə inteqrasiya ediləcəyi ilə bağlı olacaq”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, Türk dünyasının perspektivindən baxıldıqda isə mənzərə daha da aydın görünür. Azərbaycan-Türkiyə münasibətlərinin siyasi formulu olan “bir millət, iki dövlət” prinsipi son illərdə konkret iqtisadi və enerji infrastrukturu ilə daha da möhkəmlənib. Enerji bu inteqrasiyanın həm dayanıqlı, həm də strateji əsasını təşkil edir. Çünki 15 illik öhdəlik iki ölkənin iqtisadi və geosiyasi taleyini ölçülə bilən şəkildə bir-birinə bağlayır.

“Liberal beynəlxalq nizamın institusional boşluqlar yaratdığı və təchizat zəncirlərinin getdikcə daha çox coğrafi məntiq əsasında yenidən qurulduğu bir mərhələdə sabit və proqnozlaşdırıla bilən enerji mərkəzi kimi çıxış etmək özü-özlüyündə mühüm geosiyasi aktivə çevrilir. Azərbaycan və Türkiyə bu transformasiya prosesində qurucu aktorlar kimi mövqelərini möhkəmləndirirlər. Bu razılaşmanın dəyəri təkcə həcmi və kommersiya ölçüləri ilə deyil, yaratdığı presedent və formalaşdırdığı institusional çərçivə ilə müəyyən olunur. Saziş Xəzər-Anadolu enerji oxunun beynəlxalq miqyas almasını, Türk dünyasının inteqrasiyası üçün iqtisadi dayaq formalaşmasını və Türkiyənin bu sistemdə mərkəzi dövlət iddiasını eyni strateji xətt üzərində birləşdirir”, - deyə ekspert vurğulayıb.