Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin rəqabət qurumları rəhbərlərinin iştirakı ilə Rəqabət Forumu keçirilib.
Trend-in tədbirdəki müxbirinin verdiyi xəbərə görə, forum Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Şimali Kipr Türk Respublikasının rəqabət qurumlarının rəhbərləri və yüksək vəzifəli nümayəndələri, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini, eləcə də aidiyyəti dövlət qurumları və özəl sektor təmsilçiləri iştirak ediblər.
Forumun açılış mərasimində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və TDT-nin Baş katibinin müavini Merey Mukajan çıxış ediblər.
Çıxışlarda TDT-yə üzv ölkələr arasında iqtisadi inteqrasiyanın genişləndirilməsinin, xüsusilə rəqabət siyasəti sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, forumun əsas məqsədi üzv ölkələrin rəqabət siyasəti üzrə yanaşmalarının uyğunlaşdırılması, həmçinin hüquqi və institusional təcrübə mübadiləsinin genişləndirilməsidir.
Tədbir çərçivəsində Agentliyin sədrinin birinci müavini Cəfər Babayevin moderatorluğu ilə “Rəqabət siyasətinin formalaşdırılması TDT-nin hərəkətverici qüvvələrindən biri kimi: regional əməkdaşlıq” mövzusunda panel müzakirəsi keçirilib.
Paneldə Elnur Bağırov, Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle, Özbəkistan Respublikasının Rəqabətin İnkişafı və İstehlakçı Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Xalilillo Turaxujayev, Qırğız Respublikasının İqtisadiyyat və Kommersiya Nazirliyi yanında Antiinhisar Tənzimləmə Xidməti sədrinin müavini Nurjan Kadirbekova və Qazaxıstan Respublikasının Rəqabətin Müdafiəsi və İnkişafı Agentliyi sədrinin müavini Bolat Sambetov çıxış ediblər.
Müzakirələr zamanı rəqabət siyasətinin regional əməkdaşlıq çərçivəsində inkişaf etdirilməsi, rəqabət qurumları arasında koordinasiyanın gücləndirilməsi və TDT məkanında rəqabətqabiliyyətli vahid iqtisadi məkanın formalaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.