Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi cari ilin əvvəlindən etibarən Jetısu vilayətinin Panfilov rayonunda, Çinlə sərhəddə yerləşən “Nur Jolı” baytarlıq nəzarət məntəqəsində aşkar edilmiş pozuntular barədə məlumat yayıb.

AZƏRTAC nazirliyə istinadla xəbər verir ki, yoxlamalar zamanı müfəttişlər 66,4 ton dondurulmuş toyuq filesi, 46,8 ton ördək əti və 22 ton balıq yemi saxlayıblar. Həmin məhsulların idxalı və tranziti Qazaxıstanın Çindən gətirilən quşçuluq məhsullarına tətbiq etdiyi müvəqqəti baytarlıq məhdudiyyətləri pozulmaqla həyata keçirilib.

Aşkarlanmış faktlarla bağlı 2 fiziki və 4 hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilib. Saxlanılan məhsullar təhlükəli hesab olunub və mart-may aylarında xüsusi ayrılmış meydançada yandırılmaqla tamamilə utilizasiya edilib.