Azərbaycan məhsulları Moskvada təqdim olunub

Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə Moskvada Azərbaycan məhsulları və şərablarının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizin zəngin şərabçılıq ənənələri, müxtəlif bölgələrdə istehsal olunan yüksəkkeyfiyyətli məhsullar, eləcə də Azərbaycanın turizm potensialı nümayiş etdirilib.

Təqdimat gecəsində çıxış edən Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Yusif Vəzirov ölkəmizdə şərabçılıq sahəsinin inkişafından danışıb. Bildirilib ki, Azərbaycan qədim üzümçülük ənənələrinə malik ölkələrdən biridir və yerli istehsalçıların məhsullarının xarici bazarlarda tanıdılması mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsinin müavini Asiman Həşimli tədbirin iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi və Azərbaycan məhsullarının Rusiya bazarında daha yaxından tanıdılması baxımından önəmini vurğulayıb.

Tədbir zamanı peşəkar somelyelər iştirakçılara Azərbaycan şərablarının xüsusiyyətləri, istehsal prosesi və üzümçülük mədəniyyəti barədə ətraflı məlumat veriblər.

Somelye Nadejda Kiriyenko Azərbaycan şərablarının keyfiyyətini yüksək qiymətləndirərək bildirib ki, təqdim olunan geniş çeşid ölkənin bu sahədə böyük potensiala malik olduğunu göstərir. Onun sözlərinə görə, Azərbaycan şərabları özünəməxsus dad çalarları və keyfiyyəti ilə seçilir.

Tədbir iştirakçısı Alyona Kisilyova Azərbaycan mətbəxi və şərabları ilə tanışlığın onda böyük təəssürat yaratdığını qeyd edib. O bildirib ki, təqdim olunan məhsullar təbiiliyi və keyfiyyəti ilə fərqlənir.

Tədbir çərçivəsində Azərbaycanın turizm imkanları da təqdim olunub. Azərbaycan Turizm Bürosunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Cəlal İsmayılov ölkəmizin turizm marşrutları və qonaqpərvərlik ənənələri barədə məlumat verib.