Qeyri-neft sektoru Azərbaycanın iqtisadi artımının drayverinə çevrilir - ICCD

Azərbaycan iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir və Cənubi Qafqazın ən böyük iqtisadiyyatı statusunu qoruyub saxlamaqla yanaşı, getdikcə daha fəal şəkildə qeyri-neft artımına doğru yönəlir.

Bu barədə Bakıda İslam İnkişaf Bankının (IsDB) illik toplantıları çərçivəsində təqdim olunan hesabatda deyilir.

İslam Ticarət və İnkişaf Palatası (ICCD Holding) tərəfindən hazırlanan “Azerbaijan Rising: Economic & Investment Outlook” hesabatına əsasən, Azərbaycanın ümumi daxili məhsulu 2018-ci ildəki 47,11 milyard dollardan 2025-ci ildə 76,05 milyard dollara yüksəlib. İlkin mərhələdə artım neft bazarındakı əlverişli konyunktura hesabına təmin olunub, daha sonra isə daxili istehlak tələbi və pandemiyadan sonra qeyri-neft sektorunun bərpası ilə dəstəklənib.

“Azərbaycan iqtisadiyyatı ÜDM-in sabit artımı ilə xarakterizə olunan əhəmiyyətli dayanıqlılıq nümayiş etdirib”, - deyə hesabatda qeyd olunur.

Bildirilir ki, ölkə iqtisadiyyatı 2022–2026-cı illər üzrə dövlət sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində struktur transformasiyası mərhələsindən keçir. Bu prosesdə qeyri-neft-qaz sektoru artımın əsas mənbəyinə çevrilir.

Hesabata əsasən, 2025-ci ildə qeyri-neft-qaz sektorunun payı ÜDM-in 63 faizinə çatıb. Müqayisə üçün, 2018-ci ildə bu göstərici 52 faiz təşkil edib. Karbohidrogen sektorunun iqtisadiyyatda payı isə 27 faiz olub.

ÜDM strukturundakı payının azalmasına baxmayaraq, neft-qaz sektoru dövlət gəlirlərinin formalaşmasında əsas rolunu qoruyub saxlayır. “Karbohidrogenlər dövlətin maliyyə “fundamenti” olaraq qalır və ümumi büdcə gəlirlərinin təxminən 50 faizini, ixrac daxilolmalarının isə 90 faizdən çoxunu təmin edir”, - deyə sənəddə bildirilir.

ICCD Holding-də vurğulanıb ki, Azərbaycanın investisiya strategiyası getdikcə daha çox iqtisadiyyatın diversifikasiyasına yönəlir. 2025-ci ildə əsas kapitala investisiyaların ümumi həcmi 21,2 milyard manata, yəni təxminən 12,5 milyard dollara çatıb. 2026-cı ilin yanvar-mart aylarında əsas kapitala investisiyaların həcmi 2,38 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 faiz çoxdur.

Hesabatda qeyd olunur ki, neft-qaz sektoru birbaşa xarici investisiyaların strukturunda hələ də dominant mövqeyini saxlayır və ümumi BXİ həcminin 71 faizini cəmləşdirir. Bununla belə, ölkə hakimiyyəti kənd təsərrüfatı, logistika, informasiya-kommunikasiya texnologiyaları və turizm sahələrinə kapital axınını fəal şəkildə stimullaşdırır.

Dövlətin infrastruktura yatırımları və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər də investisiya axınlarına müsbət təsir göstərir.

ICCD Holding-in qiymətləndirməsinə görə, Azərbaycanda xarici investisiyaların strukturu tədricən dəyişir. Neft-qaz sektoruna investisiyaların 2025-ci ildə əvvəlki pik səviyyə olan 1,78 milyard dollardan 1,27 milyard dollara qədər azalacağı gözlənildiyi halda, qeyri-neft sektoruna yatırımların həcminin iki dəfədən çox artaraq 620 milyon dollara çatacağı proqnozlaşdırılır.

“Bu dəyişiklik onu göstərir ki, enerji sektoru kapital üçün əsas drayver olaraq qalsa da, ölkə beynəlxalq investorları iqtisadiyyatın xammal olmayan sahələrinə yenidən cəlb etməyə nail olur”, - deyə hesabatda bildirilir.

Sənəddə Azərbaycanın enerji keçidi sahəsində hədəfləri də qeyd olunub. Buraya 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması və 2050-ci ilə qədər istixana qazları emissiyalarının 40 faiz azaldılması daxildir.

“Qərbi Asiya ilə Şərqi Avropanın kəsişməsində yerləşən Azərbaycan Çinlə Avropanı orta hesabla 15 günlük tranzit müddəti ilə birləşdirən Transxəzər Şərq-Qərb ticarət-tranzit dəhlizi sayəsində regional logistika və ticarət qovşağı kimi rolunu gücləndirməyə davam edir”, - deyə ICCD-də qeyd edirlər.

Hesabata əsasən, 2025-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 3,8 faiz artaraq 49,4 milyard dollara çatıb. Bununla yanaşı, ixracın həcmi idxalı üstələməkdə davam edib.