Şəki rayonunda istehsalçılardan yaş barama tədarükünə başlanılıb. Mövsümün ilk günlərində şəkili kümçülər “Azəripək” ASC-də yaradılmış qəbul məntəqəsinə 700 kiloqramdan çox yaş barama təhvil veriblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin Heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib.
Qurum rəsmisi bildirib ki, builki mövsümdə barama yetişdirilməsi üçün 111 kümçü ilə müqavilə bağlanılıb, onlara 550 qutu, yəni 10 kiloqram 450 qram ipəkqurdu paylanılıb.
Mövsümün ilk günlərində qəbul məntəqəsinə Şorsu kənd sakinləri Bəhlul İbrahimxəlilov 120 kiloqram, Arif Şabanov 78 kiloqram, Cumakənddən Rakif Süleymanov 92 kiloqram, Etibar Məmmədov isə 90 kiloqram yaş barama təhvil veriblər. Rayonda yaş barama tədarükü davam edir.