Azərbaycanda azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin (MÇK) doğma yurdlarına qayıdışı və sosial-iqtisadi reinteqrasiya prosesi milli prioritetlərdən biridir.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısı çərçivəsində keçirilən “Azərbaycan investisiya perspektivləri forumu 2026” tədbirində deyib.
Nazir xatırladıb ki, İslam İnkişaf Bankı Azərbaycanın məcburi köçkünlər və qaçqınlarla bağlı həyata keçirdiyi sosial layihələrə dəstək göstərən ilk beynəlxalq maliyyə institutlarından biri olub. O bildirib ki, hazırda ölkədə hər 8 vətəndaşdan biri məcburi köçkün və ya qaçqın vəziyyətində idi və bu istiqamətdə genişmiqyaslı dəstək proqramları həyata keçirilib.
Mikayıl Cabbarov qeyd edib ki, İslam İnkişaf Bankı həmçinin azad edilmiş ərazilərdə suvarma infrastrukturunun, o cümlədən Qarabağ suvarma kanalının bərpası üçün xüsusi kredit xətti ayıran ilk beynəlxalq maliyyə qurumlarından biridir.
"Azad edilmiş ərazilərdə geniş vergi güzəştləri tətbiq olunur, müasir infrastruktur yaradılır və dövlət dəstəyi ilə investisiya mühiti daha da cəlbedici hala gətirilir. Hazırda həmin ərazilərdə iki böyük sənaye parkı fəaliyyət göstərir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında da xüsusi iqtisadi rejim tətbiq olunur ki, bu region Türkiyə, İran və Ermənistanla sərhəddə yerləşməsi baxımından unikal strateji mövqeyə malikdir", - nazir qeyd edib.
Mikayıl Cabbarov vurğulayıb ki, Azərbaycanın investisiya perspektivləri üç əsas strateji üstünlük üzərində formalaşır: nəqliyyat əlaqəliliyi, yaşıl enerji və rəqəmsal inkişaf.
O qeyd edib ki, ölkə Orta Dəhliz üzərində mühüm logistika mərkəzi kimi mövqeyini gücləndirir və regionlararası nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır:
"Bununla yanaşı, Cənubi Qafqazda yeni nəqliyyat təşəbbüslərindən biri kimi Zəngəzur Dəhlizi layihəsi gələcəkdə regional bağlantıları daha da gücləndirəcək".
Nazir əlavə edib ki, "yaşıl enerji" sahəsi də əsas investisiya istiqamətlərindən birinə çevrilib: "Azərbaycan beynəlxalq tərəfdaşlarla birlikdə Qara dəniz və Xəzər regionlarını birləşdirəcək yaşıl enerji kabel layihələri üzərində işləyir. Ölkənin rəqəmsal gündəliyi iqtisadiyyatın bütün sahələrində transformasiyanı sürətləndirməyi, startap ekosistemini və kiçik və orta sahibkarlığın rəqəmsal bazarlara çıxışını genişləndirməyi hədəfləyir".