Bu gün İslam İnkişaf Bankı qrupunun 51-ci illik toplantıları çərçivəsində keçirilən tədbirdə yalnız bazar seqmentini deyil, yüksək dayanıqlı inkişaf prosesini müzakirə edirik.
AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov İslam İnkişaf Bankı (İİB) qrupunun 51-ci illik toplantıları çərçivəsində keçirilən "Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyat" tədbirində çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Azərbaycan investorlar üçün yüksək rəqabətqabiliyyətli biznes mühiti formalaşdırır.
“Son illərdə ölkədə balıqçılıq sektorunda istehsal 2,7 dəfə artıb. Azərbaycan hazırda dünya üzrə fındıq istehsalında 4-cü, xurma istehsalında isə 2-ci yerdə qərarlaşıb. Müasir kənd təsərrüfatında gəlirlilik və rəqabətqabiliyyətlilik birbaşa səmərəlilikdən asılıdır. Bu məqsədlə Kənd Təsərrüfatı İnformasiya Sistemi yaradılıb. Süni intellekt və rəqəmsal texnologiyaların bu prosesə inteqrasiyası biznes üçün daha etibarlı və dayanıqlı inkişaf imkanları yaradır. Azərbaycan yüksək gəlirli kənd təsərrüfatı məhsullarının istehsalı və onların yeni bazarlara çıxışı üçün əlverişli imkanlar təklif edir”, - deyə nazir qeyd edib.