Azərbaycan və Böyük Britaniya yaxın gələcəkdə ölkələr arasında çoxşaxəli strateji münasibətlərin inkişafına yeni təkan verəcək yeni Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalamağı planlaşdırır.
Trend-in müxbirinin tədbirdən verdiyi məlumata görə, bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Bakıda Kral III Çarlzın rəsmi doğum günü münasibətilə təşkil olunan qəbulda bildirib.
“Azərbaycan və Böyük Britaniya arasında uzun illərdir qarşılıqlı maraq doğuran sahələrdə mövcud olan səmərəli əməkdaşlığın daha da inkişaf etdirilməsinə sadiq qalırıq. Yaxın gələcəkdə Azərbaycan ilə Birləşmiş Krallıq arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə yeni təkan verəcək”, – deyə O. Zeynalov qeyd edib.
Nazir müavini Azərbaycan hökuməti adından Böyük Britaniyanın dost xalqını səmimi-qəlbdən təbrik edib, Böyük Britaniyanın Bakıya yeni təyin olunmuş səfiri Dunkan Normanı salamlayaraq ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.
O. Zeynalov vurğulayıb ki, iki ölkə arasında uzun illərdir davam edən dostluq münasibətləri qarşılıqlı etimad və ortaq strateji maraqlara əsaslanır. Bu yanaşma ümummilli lider Heydər Əliyev tərəfindən xüsusi dəstəklənib və Prezident İlham Əliyevin rəhbərliyi altında ardıcıl şəkildə möhkəmləndirilir.
“Enerji sektorundan əlavə, bu əməkdaşlıq ticarət, investisiyalar, təhsil, səhiyyə və digər sahələri əhatə edən çoxşaxəli tərəfdaşlığa çevrilib. Mütəmadi olaraq keçirilən Birgə Hökumətlərarası Komissiya müxtəlif istiqamətlər üzrə ortaq təşəbbüslərin təşviqi və inkişafı üçün mühüm platforma rolunu oynayır”, – deyə nazir müavini əlavə edib.